Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Cəlilabadda Lənkəran şəhər, Cəlilabad, Astara, Lerik, Masallı, Yardımlı, Biləsuvar, Salyan, Neftçala və Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul edib. Bu barədə Lent.az-a nazirlikdən məlumat verilib.
Müraciətlərdə yerlərdə musiqi və incəsənət məktəblərinin fəaliyyətinin genişləndirilməsi, yeni filialların açılması, kitabxana şəbəkəsinin təkmilləşdirilməsi, tarix-diyarşünaslıq muzeylərinin yenidən qurulması, muzeylərdə bədii tərtibat işlərinə kömək göstərilməsi, mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, tarix-mədəniyyət abidələrinin bərpa və təmiri, yaradıcı insanların fəxri adlarla təltif edilməsi, işlə təmin olunma və digər məsələlər yer alıb.
Qəbula yazılmış vətəndaşları dinləyən nazir səslənən bütün məsələlərin nəzərdən keçiriləcəyini, onların həlli üçün müvafiq addımların atılacağını deyib.
Ə. Qarayev qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən vətəndaşlarla keçirilən bu görüşlər yerlərdə mövcud problemlərin öyrənilərək həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi məqsədi daşıyır.
Nazir bəzi vətəndaşların sosial məsələlərlə bağlı xahişlərinin olduğunu deyərək bu müraciətlərin də diqqətdə saxlanılacağını bildirib.