Doktoranturaya qəbul ali təhsil müəssisələri tərəfindən cari ilin oktyabr-noyabr aylarında keçiriləcək.
Lent.az-ın verdiyi məlumata görə, Təhsil Nazirliyi qəbul planı və qəbul qaydaları haqqında məlumatın sentyabr ayında respublika KİV-lərində elan olunacağını açıqlayıb.
Qeyd edək ki, fəlsəfə doktoru proqramı üzrə doktorantura təhsili Nazirlər Kabineti tərəfindən 1 iyul 2010-cu ildə təsdiqlənmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları” ilə tənzimlənir. Qaydalara uyğun olaraq fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan, tibbi təhsildə isə həkim və həkim-mütəxəssis) Azərbaycan vətəndaşları müsabiqə əsasında qəbul olunurlar. Xarici dövlətlərdə təhsil almış şəxslər ali təhsil haqqında diplomun tanınması (nostrifikasiyası) barədə şəhadətnamə təqdim etməlidirlər. Diplomların tanınması Təhsil Nazirliyinin səlahiyyətlərinə daxildir.