Zakir Həsənov cəbhə bölgəsində
11 aprel 2015 11:24 (UTC +04:00)

Zakir Həsənov cəbhə bölgəsində

Müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhə bölgəsində yerləşən hərbi hissədə olub. Lent.az-ın nazirliyin saytına istinadən məlumatına görə, əvvəlcə Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılmış abidəsi önünə gül dəstələri qoyulub və xatirəsi ehtiramla yad edilib.

 

Sonra müdafiə naziri ölkə prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq fərmanı ilə hərbi hissələrə verilmiş döyüş bayraqlarını komandirlərə təqdim edib.

 

Təntənəli mərasimdə çıxış edən birlik komandiri general-leytenant Rövşən Əkbərov ölkə rəhbərliyi və Müdafiə Nazirliyinin komandanlığı tərəfindən hərbi hissələrə göstərilən etimada görə xüsusi minnətdarlığını bildirib.

Əlamətdar gün münasibətilə Zakir Həsənov şəxsi heyəti təbrik edərək deyib:

"Bu gün sizin hərbi hissələrə döyüş bayraqları təqdim olundu. Bu münasibətlə sizin hamınızı təbrik edirəm. Döyüş bayrağı hərbi hissənin şərəf və şöhrət rəmzidir. Biz istəyirik ki, döyüş bayraqlarımız bütün döyüşlərdən şərəflə keçərək işğal olunmuş bütün torpaqlarımızı azad etməklə Azərbaycanımızın ayrılmaz hissəsi olan Qarabağda dalğalansın. Biz hamımız buna inanırıq və əminik!

Bu gün Silahlı Qüvvələrimiz Ali Baş Komandanımızın rəhbərliyi ilə elə bir səviyyədə döyüş hazırlığı keçir ki, artıq düşmən qorxur və vahimə içindədir. Düşmənlərə bizim layiqli cavabımız onun ordusunda nizam-intizamın aşağı düşməsinə və şəxsi heyətin işğal olunmuş torpaqlarda xidmətdən yayınmasına gətirib çıxarır.

Biz xüsusilə qeyd etmək istəyirik ki, ön cəbhədəki qəhrəman əsgər və zabitlərimiz düşmənə bu gün layiqli cavab verir. Düşmənin uğursuz əməliyyatları onlar üçün sonda böyük itkilərlə nəticələnir. Bu da düşmən ordusunda, ümumilikdə Ermənistanda problemlər yaradır.

Bir daha bildiririk ki, qısa bir müddətdə öz torpaqlarımızı azad edəcəyik. Prezident xüsusi qeyd edib: "Biz heç zaman razı olmarıq ki, Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaradılsın. Əgər erməni əsgəri ölmək istəmirsə Ağdama, Füzuliyə gəlməsin.Yoxsa nəticəsi bundan da ağır olacaqdır".

Bu gün mən sizin hərbi birliyin xidməti döyüş fəaliyyətini yüksək qiymətləndirirəm və tam əminəm ki, siz qarşınızda duran bütün vəzifələri indiyədək olduğu kimi bundan sonra da yüksək səviyyədə yerinə yetirəcəksiniz. Bir daha sizi təbrik edir və xidmətinizdə uğurlar arzulayıram".

Mərasimin sonunda hərbi hissələr təntənəli marşla tribuna önündən keçiblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 219
avatar

Oxşar yazılar