Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə fəaliyyət göstərən kommersiya banklarına istehlak kreditləşməsi ilə bağlı müəyyən təlimatlar verib.
«APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında AMB-nin sədr müavini Aftandil Babayev bildirib.
Onun sözlərinə görə, bu təlimatlar həm banklarda risklərin düzgün idarə olunması, həm də kredit götürən vətəndaşların özlərini lüzumsuz risklərdən sığortalanması üçün verilib: «Bu hər iki tərəfin maraqlarına uyğun bir tədbirdir. Biz banklara kreditlərin daha əsaslandırılmış şəkildə verilməsini tövsiyə etdik».
A.Babayev bildirib ki, son zamanlar ölkədə istehlak kreditləşməsinin sürətlə artımı davam edir: «Buna görə də həm bank sistemini, həm də vətəndaşları müəyyən lüzumsuz risklərdən qorumaq üçün Mərkəzi Bank olaraq düşünürük ki, bu, hər iki tərəfə öz müsbət nəticəsini verəcək».
AMB rəsmisi bununla bağlı ictimaiyyətdə yaranan narazılıqlara da aydınlıq gətirib: «Baş verə biləcək riskləri qabaqlamaq rejimində çalışırıq. Bu, gələcəkdə gözlənilə bilən hər hansı xoşagəlməz riskləri qabaqlamaq üçün görülən tənzimləmə tədbirləridir. Bunun da çox müsbət nəticələri olacaq».
Avtomobil kreditlərinin verilməsi ilə bağlı AMB-nin kommersiya banklarına hər hansı tapşırıq verməsinə gəldikdə isə A.Babayev deyib ki, bu da həmin tədbirlər çərçivəsində həyata keçirilir: «Mərkəzi Bank olaraq bu istiqamətdə müəyyən təkmilləşdirmə işlərinin görülməsinə ehtiyac duyuruq. Bu yaxınlarda bununla bağlı konkret məlumatlar veriləcək. Həmçinin, avtomobil bazarında da tənzimlənməyə ehtiyac var. Düşünürük ki, avtomobil kreditləşməsində müəyyən dəyişikliklərin edilməsinə böyük ehtiyac var və bunu dünya təcrübəsində də görürük».
A. Babayev bildirib ki, ölkədəki yumşaq kredit şərtləri sonradan mənfi nəticələrə səbəb olur: «Buna görə də görülən tədbirlər bütövlükdə bank sektoru və müştərilərin özləri üçün faydalı olacaq».