Bakıda Avropa Oyunlarının keçirilməsilə əlaqədar nəzarət gücləndiriləcək. Lent.az-ın "anspress"ə istinadən xəbərinə görə, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov bildirib ki, iştirakçıların təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün bir çox ərazilərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq. Bunun üçün bir çox işlərin gecə saatlarında görülməsi üçün xüsusi tədbirlər həyata keçiriləcək.
“Paytaxtın inzibati ərazisindəki 9 məntəqə və lazımı yollar, onlarla kəsişən küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq. Bunları nəzərə alaraq, vətəndaşlara Avropa Oyunları zamanı şəxsi avtomobillərindən istifadə etməməyi tövsiyyə edirik. Vətəndaşların rahatlığını təmin etmək üçün xüsusi müasir avtobuslar xidmətə buraxılacaq. Onlardan səmərəli istifadə olunmalıdır”, - deyə Vaqif Əsədov bildirib.
Onun sözlərinə görə, həmin dövrdə təmir bərpa işlərinin, kommunal təsərrüfat işlərinin görülməsi ancaq gecə saatlarda reallaşa biləcək. Gündüzlər bu işlərə qadağa qoyulacaq.
“Apteklərə dərman lavazımatlarının paylanması, ərzaq dükanlarına malların verilməsi də yalnız gecə saatlarında olacaq. Həm dükan sahiblərinə, həm topdansatış mərkəzlərinn rəhbərlərinə, həm də istehsalçılara tapşırılacaq ki, məhsulların daşınmasını yalnız gecə saatlarında həyata keçirsinlər”.
Qurum rəsmisi bildirib ki, bir çox şirkətlərə xüsusi tövsiyyələr veriləcək: “Özəl şirkətlərin rəhbərlərilə də əlaqə saxlanılacaq ki, mümkün dərəcədə həmin vaxt işçiləri məzuniyyətə, yaxud ezamiyyətə göndərsinlər. Yük daşınması ilə məşğul olanlar da, çalışıb işlərini həmin günlərə qədər yekunlaşdırsınlar. Əslində bizim beynəlxalq tədbir keçirmək təcrübəmiz var. İnanıram ki, bu dəfəki tədbirdə də üzümüz ağ olacaq”.