APA xəbər verir ki, mərasimdə əvvəlcə çıxış edən səfir Riçard Morninqstar deyib ki, Azərbaycanla bağlı ən xoş və gözəl cəhətlərdən biri budur ki, burada dini və etnik icmalar arasında tarixən qarşılıqlı hörmət mövcud olub.
""Böyük sevinc hissi ilə qeyd etmək istəyirəm ki, azərbaycanlılar əsrlər boyu müxtəlif dini etiqadlara və mili azlıqlara hörmət hissi ilə yanaşıb, onlar arasında qarşılıqlı hörmət olub. Biz bu axşam məhz bu xüsusiyyəti qeyd etmək və vurğulamaq istəyirik. Ramazan bizə xatırladır ki, bəşəriyyət dünyəvilikdən daha yüksək, daha uca məqama yönələ bilər və daha ali məqsədə nail olmaq üçün cismani ehtiyacları kənara qoya bilər".
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyx Allahşükür Paşazadə isə deyib ki, Azərbaycan dünyada tolerant bir ölkə kimi tanınır. Şeyx deyib ki, tarix boyu Azərbaycanda mövcud olan tolerantlıq yəhudilər, xristianlar, müsəlmanların birgəyaşayışına şərait yaradıb və bu dünya üçün bir model olmalıdır.
İftar süfrəsində xarici bir çox ölkələrin Azərbaycandakı səfirləri, ictimaiyyət nümayəndələri, millət vəkilləri iştirak edib.