«Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Orucov Emil Mayıl oğlu, Ələkbərov Babək Faiq oğlu, Qurbanov Baloğlan Yaşar oğlu və Məmmədov Vaqif Elyaz oğlunun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
Lent.az xəbər verir ki, həmin şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə onlar beynəlxalq axtarışa veriliblər.
Qeyd olunan şəxslər Rusiya Federasiyasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.
Həmçinin, 10.12.2024-cü il tarixində Qazax rayonu ərazisində, dövlətlərarası axtarışda olduğu üçün saxlanılmış Gürcüstan vətəndaşı Vakhtang Kurtanidzenin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair Rusiya Federasiyası Baş Prokurorluğunun vəsatəti yuxarıda göstərilən Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edildiyinə görə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Rusiya Federasiyasının səlahiyyətli orqanlarına təhvil verilib.