Müəllim  kredit alanda kirvəsinin nömrəsinə kimi verir, tələbə  gəlib ayfon aparır
30 yanvar 2025 15:09 (UTC +04:00)

Müəllim kredit alanda kirvəsinin nömrəsinə kimi verir, tələbə gəlib ayfon aparır

"Üzüm güldü tələbəyəm deyəndə,
Sevinirdim dost köynəyi geyəndə
Müəllimlə dil tapa bilməyəndə
Qiymətimin biri vardı, biri yox..."

Nüsrət Kəsəmənli "Biri vardı, biri yox" şeirinin bu hissəsində, əslində, qısa da olsa, tələbəlik illərinin həm maddi, həm də mənəvi çətinliklərini yığcam və dolğun şəkildə ifadə edib.

Bəs indi?

İndi tələbələrə çox üz verirlər.

Tələbələr üçün nəzərdə tutulmuş xüsusi endirimləri qınayıram.

Tələbəlik ali mərtəbə-zaddı?

Ya da ki, tam əksi, yazıqlıq-zaddı?

Restorana gedirsən, nə boyda bilbord qoyublar: "Tələbələrə 20 faiz endirim".

Hələ menyunun adına bax: "Tələbə menyusu"! 

Heç dəxli var? Deyirsən, kitabın arasına mal əti qoyub burger ediblər, ya nə.

Kinoteatra gedirsən: "Tələbələrə endirim".

Kitab mağazasına gedirsən: "Tələbələrə endirim".

50 ilin müəllimi evinə kreditlə tozsoran almaq üçün kirvəsinin nömrəsinə kimi verir, amma dünənin uşağı gəlib 5 dəqiqədə kreditlə ayfon götürüb gedir.

Bank kredit verir: "Tələbə krediti".

40 balla kollecə qəbul olan tələbə bankdan 1000 manat götürüb qəlyan çəkə bilir, mən bankdan kredit götürüb kitab çap elətdirə bilmirəm.

Bank ona güvənir, mənə yox.

Bu az imiş kimi, bir də tələbələrin gözünü müxtəlif layihələrlə doyuzdururlar. Məsələn, könüllülük.

Ümumiyyətlə, könüllülük proqramı kimi mənasız şey yoxdu.

Hamı hər şeyə könüllü ola bilirsə, bunun özündə anormallıq var.

Könüllü tələbələri manqurtlaşdırırlar.

Onlara deyirsən ki, bir belə iş görürsən, əmək haqqı verilmirmi? Deyir ki, adı üstündə, könüllüyəm.

Onlara deyirsən ki, bütün gün yollardasan, yol xərclərin, yeməyin-içməyin qarşılanmırmı? Deyir ki, adı üstündə, könüllüyəm.

Üzr istəyirəm, bizim kənddə buna başqa şey deyirlər, sadəcə, siz öz adınızı "könüllü" qoymusunuz.

Gün təyin edirlər, könüllüləri aparırlar ağac əkməyə.

Ağac əkən insan onsuz da könüllü şəkildə bunu edir. Ya da ki, ümumiyyətlə, belə bir şey eləmir.

"Filan gün, filan saatda, filan yerdə ağac əkəcəyik. Könüllü olanlar gələ bilər".

Bu cümlənin özündə belə nə qədər çərçivə var, siz görmürsünüz.

Günü, saatı və məkanı özləri təyin edirlər.

Fəaliyyət növünü özləri təyin edirlər.

Sən də hansısa işini təxirə salıb gedirsən ki, ağac əkəsən.

"Bazar günü əkə bilmərəm?".

Yox, əkə bilməzsən. Layihənin proqramına əsasən, ağac bu gün əkilməlidi. Bazar günü təkər daşıyacağıq.

Tələbənin cijisi ölür, yas mərasimində iştirak eləmək üçün dörd növ ərizə yazdırıb, ölüm haqqında arayış tələb edirlər, amma təkər daşımağa asanlıqla göndərirlər ki, heç bir problem yoxdur, sən üzrlüsən. Bu gün dərsdə iştirak etməsən də olar.

Bəs mükafat?

"KFC"də çizburger menyusuna 10 faiz tələbə endirimi!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2226

Oxşar yazılar