“İntihara cəhd edən”,  təhdidləri ilə gündəm olan ana barədə həqiqətlər – SƏDR DANIŞDI
12 fevral 2025 16:03 (UTC +04:00)

“İntihara cəhd edən”, təhdidləri ilə gündəm olan ana barədə həqiqətlər – SƏDR DANIŞDI

Hər gün dəyişən gündəmimiz indi də başqa bir qəribə hadisə ilə çalxalanır. Çox uzatmadan hadisənin təfərrüatına keçim. Deməli, bir xanım saytlara açıqlamasında və sosial şəbəkələrdəki paylaşımlarında hüzrü düşdüyü üçün rayona getməli olduğunu və iki yaşlı uşağını dayəyə təhvil verdiyini, lakin dayənin onun xəbəri olmadan övladını sığınacağa qoyduğunu bildirir. Övladını geri qaytarmayan ana sığınacaq tərəfindən ona heç bir məlumat verilmədiyini, yaşadığı bu hadisələrə görə intihara cəhd etdiyini də söyləyir. Bu yerə qədər yəqin ki, hər birimiz ananın halına acıyırıq. Amma məsələnin nə dərəcədə doğru olduğunu da bilmirik. Axı sığınacaq bu uşağı himayə etməkdən, öz valideyninə onu görmək üçün şərait yaratmamaqdan nə güdə bilər ki? Ümumiyyətlə, hər kəs uşağı sığınacağa atıb gedə bilərmi? Bu məsələ necə tənzimlənir? 

Lent.az bütün bu suallara cavab tapmaq üçün Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadəyə müraciət edib.

Kəmalə Ağazadə bildirib ki, özünü sığınacağa dayə kimi təqdim edən xanım, ailənin 28 gündür uşağı ona təhvil verdiyini və buna görə heç bir ödəniş etmədiyini qeyd edib:

“O bildirir ki, ailəyə dəfələrlə gəlib uşağı götürün desə də, veclərinə almayıblar. Xanım da artıq uşağı dövlətə təhvil vermək qərarına gəlib ki, hər hansı bir problem yaşamasın". 

Sədr bu məlumatı dərhal hüquq mühafizə orqanlarına bildirdiklərini söyləyib:

"Polis bölməsinin əməkdaşları uşağı bizim sığınacağa yerləşdirdilər. Biz də öz növbəmizdə bununla bağlı Sosial Xidmətlər Agentliyinə məlumat verdik. Agentliyin əməkdaşları uşağı qiymətləndirdilər və məlum oldu ki, qorxu içində olan azyaşlı nitq qüsurludur. Bizim psixoloqlar da uşağı qiymətləndirərək bildirdilər ki, o, qapalı yerdə qaldığına görə nevroloji gərginlik yaşayır. Hətta uşaq müalicə üçün nevroloji sanatoriyaya da göndərilib və hazırda onda çox böyük dəyişikliklər var".

Uşaq sığınacağa yerləşdirilən zaman anaya məlumat verilmədiyi məsələsinə gəldikdə isə həmsöhbətimiz qeyd edib ki, qadınla dəfələrlə əlaqə saxlanılıb, lakin onu tapmaq mümkün olmayıb:

"Qanunvericilikdə öz əksini tapdığı kimi, biz də baxımsız vəziyyətdə olan uşağı polislə qəbul etmişik. Əgər 6 ay müddətində ana uşağı ilə ünsiyyət qurmayıb, onunla maraqlanmayıbsa, valideyn hüquqlarının məhdudlaşdırılması həyata keçirilir və uşaq dövlət müəssisəsinə yerləşdirilir.
Həmin qadın açıqlamalarında da bildirib ki, antidepressant qəbul edir və hətta bir dəfə intihara da cəhd göstərib. Demək ki, bu qadında ciddi psixi pozğunluqlar var. Bəlkə də uşaqda müşahidə olunun gərginlərin səbəbi valideyn tərəfindən gördüyü şiddətdir. Təbii ki, bu dəqiq məlumat deyil”.

“Hazırda bu qadın, eyni zamanda onunla birgə yaşayıb bizi daimi olaraq təhdid və təhqir edən şəxs polisə çağırılıb. Məsələ ilə bağlı qanuni şəkildə araşdırma aparılacaq. Biz dövlətdən bu uşaqları sığınacağa qəbul etməklə bağlı xüsusi olaraq bir maliyyə və ya güzəşt əldə etmirik ki, ondan bərk-bərk yapışaq. Sığınacaqda o qədər uşaq var ki, valideynləri ilə ünsiyyətdədirlər. Hətta valideynlər uşaqların ad gününə də gələ bilir. Lakin həmin qadın bizə bununla bağlı müraciət etməyib, sadəcə daimi olaraq qaynar xəttimizə yazaraq təhdid və təhqir edib. Bu şəkildə uşaq tələb etməzlər", - deyə sədr əlavə edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfillli Lent.az-a bildirib ki, sosial şəbəkələrdə yayılan bu faktla bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə açıqlama veriləcək.

Yəni, heç nə ilk göründüyü kimi olmaya bilər. Kimisə qınamadan və ya ona acımadan öncə məsələnin doğru olub-olmadığını araşdırsaq, bir az da olsa obyektivliyi təmin etmiş olarıq. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2559

Oxşar yazılar