Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Necdet Özeli qəbul edib. Nazirliyin mətbuat xidmətindən APA TV-yə verilən məluma görə, nümayəndə heyətlərinin geniş tərkibdə keçirilən görüşündə müdafiə naziri Z.Həsənov Azərbaycanla Türkiyə arasında hərbi sahədə əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini qeyd edib.
Müdafiə naziri bölgədəki hərbi-siyasi vəziyyətə toxunaraq Ermənistanla Azərbaycan arasında münaqişənin regional sabitliyə əsas təhlükə yaratdığını vurğulayıb.
Ordu generalı N.Özel öz növbəsində Türkiyənin Azərbaycanın vacib tərəfdaşı olduğunu qeyd edib.
Sonra Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında əlaqələrin perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Görüşün sonunda müdafiə naziri Zakir Həsənovun əmri ilə iki ölkə arasında hərbi əməkdaşlığın möhkəmləndirilməsində göstərdiyi xidmətlərə görə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Necdet Özel Azərbaycan Respublikasının "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif olunub.