Yeni Azərbaycan Partiyası bu gündən etibarən partiya tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş və avqustun 10-da Mərkəzi Seçki Komissiyası tərəfindən namizədliyi təsdiqlənmiş prezidenti İlham Əliyevin imzatoplama kampaniyasına start verəcək.
Lent.az-ın verdiyi məlumata görə, bunu mətbuata açıqlamasında YAP icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı söyləyib.
Mübariz Qurbanlı bildirib ki, partiyanın rəhbər strukturları, İcra Katibliyi tərəfindən YAP-ın rayon və şəhər təşkilatlarına imzatoplama kampaniyasına başlamaq üçün artıq müvafiq göstəriş və tapşırıqlar verilib: “Partiyamızın rayon və şəhər təşkilatları imza toplamağa başlayacaq. Biz təcrübəli partiyayıq. Buna qədər, yəni 1993-cü ildən bu yana bütün seçkilərdə iştirak etmişik və böyük seçki təcrübəmiz var. Ona görə biz imzatoplama kampaniyasını da qanunauyğun şəkildə həyata keçirəcəyik. Bu məsələdə tələsməyə ehtiyac yoxdur. Hələ xeyli vaxt var və bu müddət ərzində də lazım olan imzanı toplayıb zamanında Mərkəzi Seçki Komissiyasına təqdim edəcəyik. Bu məsələdə bizim heç bir problemimiz yoxdur və olmayacaq”.
YAP icra katibinin müavini qeyd edib ki, Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən rəsmən prezidentliyə namizəd kimi qeydə alınmaq üçün hər bir namizədin ən azı 40 min imza toplaması lazımdır: “Müvafiq qanunvericilikdə də göstərilir ki, hər bir namizəd namizədliyinin rəsmən qeydə alınması ən azı 40 min imza toplamalıdır. Eyni zamanda, bu proses ən azı 60 seçki dairəsini əhatə etməli və onların hər birindən də 50 nəfər seçicinin imzası toplanmalıdır. Qanunla tələb olunan sayda imzanı vaxtında toplayıb MSK-ya təqdim edəcəyik”.