Milli Şuranın Tiflisdə keçirdiyi toplantı başa çatıb. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, toplantıda Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından imtinası ilə bağlı prosesin sürətləndirilməsi üçün Rusiya prezidenti Vladimir Putinə müraciət etmək qərara alınıb.
Yayılan son açıqlamada qeyd edilib ki, yığıncaqda “Rüstəm İbrahimbəyovun Azərbaycana dönüşü ilə bağlı siyasi, hüquqi-texiniki, təşkilatı işlərin, həmçinin ictimai və beynəlxalq rəyin hazırlanmadığı” bildirilib. Eyni zamanda Rusiya vətəndaşlığından imtina məsələsi də həll olunmadığı üçün onun iyulun 31-də Bakıya dönməməsinə qərar verilib.
Toplantının qərarına görə, R. İbrahimbəyovun Bakıya dönüşü yalnız Milli Şuranın qərarı ilə olacaq.
***
23.41
“Azadlıq” qəzetinin yazdığına görə, toplantıda Milli Şura İcra Aparatının rəhbəri Eldar Namazov görüşdə iştirak edənləri təqdim edib. Daha sonra Milli Şuranın sədri Rüstəm İbrahimbəyov Bakıya gəlməməsinin səbəblərindən danışıb. O, bunu Rusiya vətəndaşlığından çıxmaq üçün lazım olan sənədlərin hazırlanması və bu prosesdə şəxsi iştirakının tələb olunması ilə əlaqələndirib.
Daha sonra ACP sədri Sülhəddin Əkbər, ALP-dən Eldar Muradov, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı çıxış ediblər. F. Qəhrəmanlı Milli Şuranın idarə olunması üçün kollegial orqanın yaradılmasını təklif edib.
Çıxışlarda Milli Şuranın vahid namizədi ilə bağlı ictimai rəydə yaranan suallara son qoymaq üçün Rüstəm İbrahimbəyovla İsa Qəmbərin ikilikdə görüşməsi də təklif olunub.
Qeyd edək ki, tədbirə “Azadlıq” qəzetindən başqa heç bir media orqanının əməkdaşı buraxılmayıb.
***
20.11
Tiflisin “Vera Palace” otelində Milli Şurada təmsil olunan müxalifət partiyalarının rəhbərləri və funksionerləri ilə Rüstəm İbrahimbəyovun görüşü başlayıb. Görüşdə Milli Şuranın 16 üzvü iştirak edir. İştirakçılar arasında Müsavat başqanı İsa Qəmbər, ACP sədri Sülhəddin Əkbər, AXCP sədrinin müavinləri Fuad Qəhrəmanlı və Gözəl Bayramlı, Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov, Rüstəm İbrahimbəyovun vəkili Fuad Ağayev də var. APA-nın məlumatına görə, görüş mətbuat nümayəndələri üçün qapalı keçirilib. Müsavat Partiyasının başqanı İsa Qəmbər görüşdən sonra mətbuata açıqlama veriləcəyini bildirib. Görüşdə Milli Şuranın fəaliyyəti, Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığının ləğv olunması, onun Azərbaycana gəlməsi və digər məsələlər müzakirə ediləcəyi gözlənilir. Sabah eyni tərkibdə daha bir görüşün keçiriləcəyi gözlənilir.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, Müsavat başqanı İsa Qəmbər toplantının ilk 20 dəqiqəsində iştirak etməyib. O, yalnız toplantı başladıqdan 20 dəqiqə sonra iclas keçirilən zala daxil olub. İsa Qəmbərin görüşün ilk hissəsinə qatılmamasının səbəbi məlum deyil.
Toplantının təxminən bir saat davam edəcəyi, daha sonra müzakirə olunan məsələlər barədə jurnalistlərə açıqlama veriləcəyi bildirirlib.
Tiflisdəki mənbələr Rüstəm İbrahimbəyovun bundan sonrakı görüşlərinin, xüsusilə Milli Şuranın mühacirətdə olan üzvləri ilə toplantılarının da “Vera Palace”da keçiriləcəyini bildiriblər.APA-nın əldə etdiyi məlumata görə, “Vera Palace” oteli erməni mənşəli Gürcüstan vətəndaşı Andrey Nersesyana məxsusdur və hazırda onun oğlu tərəfindən idarə olunur. A. Nersesyan SSRİ dövründə Gürcüstanın ticarət naziri vəzifəsində işləyib. Onun hazırda Ermənistan prezidenti Serj Sərkisyanla yaxın əlaqədə olduğu və Gürcüstanda əsas dayaqlarından biri sayıldığı bildirilir.