Şair Rüstəm Behrudinin bu günlərdə işıq üzü görən “Hamıya qalib gəlib özünü satan Bakı” yazısı qalmaqal yaradıb. Bu gün Bakı Kəndlər Birliyinin 590 üzvünün iştirakı ilə tədbir keçirilib və yazıya etiraz bildirilib.
Bakı Kəndlər Birliyinin Məclisinin üzvü, Vəhdət Partiyasının sədri Tahir Kərimli Lent.az-a açıqlamasında deyib ki, bu, Rüstəm Behrudinin bu məzmunda ilk yazısı deyil, o, 10 il əvvəl də belə bir yazı yazıb.
Həmin vaxt Rüstəm Behrudinin yazısının Bakı Kəndlər Birliyində müzakirəyə çıxarıldığını bildirən Tahir Kərimli hər kəsin çox qəzəbləndiyini söyləyib: “Həmin vaxt xoşagəlməz hadisələr də baş verirdi. Arif Rəhimov vardı, ziyalı adam idi, o, çox qeyzlənmişdi. O zaman qeyzlənmiş böyük kütlə vardı, sonradan hadisələrin qarşısını güclə aldıq. 1998-ci ildə Əbülfəz Elçibəylə bir yerdə dəyirmi masada Rüstəm Behrudi ilə birgə söhbət də etdik. Bu, lazımsız söhbətdir. Hər yerin pisi də, yaxşısı da var. Niyə belə ağılsız hərəkət edir, başa düşmürəm. Belə hörmətsizlik etmək olmaz”.
Tahir Kərimli Bakının hamımızın olduğunu vurğulayıb: “Bakı qohum-əqrəbalarımız var, insanları belə təhqir etmək olmaz. Ofisimizdəki işçilərin çoxu da əslən Bakıdan olanlardır. Təzədən yazı yazıb, yenə də eyni formada təhqirə keçib. Yenə də yaxşı olmayan bir vəziyyət yaranıb. Belə təhqir olmaz. Sən qanla, millətin heysiyyatı ilə niyə oynayırsan? Bunu bu yoldan çəkindirən yoxdurmu? Amma bu adam özü çəkinməli, xalqdan üzr istəməlidir. Paytaxtdır, burada hər cür insan ola bilər. Ona görə də hamını beldə təhqir etmək olarmı”.
Tahir Kərimli Rüstəm Behrudinin kifayət qədər imkanlı şəxs olduğunu, “Behrud” mağazalar şəbəkəsinə malik olduğunu qeyd edib: “Yəni kifayət qədər imkanlı bir insandır, yazılarının da dərc olunmasına şərait yaradılır. Yazısının dərcinə şərait yaradılırsa, bundan insanları təhqir etmək üçün istifadə etməməlidir. Yaxşı ki, hazırda Türkiyədədir, uzaqdadır, kimsə ona fiziki cəza vermək fikrinə də düşə bilər”.
Tahir Kərimli Rüstəm Behrudini məhkəməyə vermək fikrində olmadıqlarını da söyləyib: “Mən məhkəməyə verməyin tərəfdarı deyiləm. Bəlkə kimlərsə belə xoşagəlməz ittihamlarda maraqlıdır. Mən məhkəmə sistemində işləmişəm, elə şeylər var idi, mətbuata çıxmamalı idi. İndi mətbuata çıxır, bu da düzgün deyil. Bu gün Bakı Kəndlər Birliyində Rüstəm Behrudi ilə bağlı məsələ yenə müzakirə olunacaq”.