Elman Abdullayev: “Səfirliyimiz Suriyada döyüşdüyü ehtimal olunan azərbaycanlıların ölkəmizin vətəndaşları olub-olmadığını araşdırır”
"Suriyada vəziyyətin gərgin olmasını nəzərə alaraq, ayrı-ayrı insanlarla bağlı vəziyyəti öyrənmək çətindir”
“Suriyada vəziyyət gərgin olaraq qalır. Buna görə də Azərbaycanın Dəməşqdəki diplomatik missiyası öz işini dayandırıb və hələlik Beyrutda öz fəaliyyətini davam etdirir. Diplomatik missiya aydınlaşdırma istiqamətində işlərini davam etdirir və Suriyada döyüşdüyü ehtimal olunan azərbaycanlıların ölkəmizin vətəndaşları olub-olmadığını araşdırır”.
APA-nın məlumatına görə, bu barədə Azərbaycan xarici işlər nazirliyinin mətbuat katibi Elman Abdullayev kütləvi informasiya vasitələrində Suriyada müxalifət tərəfində döyüşmüş daha bir azərbaycanlının qətlə yetirilməsi barədə xəbərləri şərh edərkən bildirib.
Onun sözlərinə görə, Azərbaycanın Suriyadakı səfirliyi ölkəni tərk edərkən, konsulluq şöbəsində qeydiyyatda olan Azərbaycan vətəndaşların Suriyadan evakuasiya edilməsi istiqamətində addımlar atıb: “Konsulluq şöbəsində olan vətəndaşlar Suriyadan evakuasiya edildikdən sonra bizim diplomatik nümayəndəliyimiz də bu ölkəni tərk edib. Suriyada vəziyyətin gərgin olmasını nəzərə alaraq, ayrı-ayrı insanlarla bağlı vəziyyəti öyrənmək çətindir”.