Şura qarışdı: hamı hamıya qarşı... - ŞƏRH
07 avqust 2013 18:17 (UTC +04:00)

Şura qarışdı: hamı hamıya qarşı... - ŞƏRH

Milli Şura daxilində vəziyyət gərginləşməkdə davam edir. Qurum yaranandan bəri başlayan fikir ayrılıqları artıq mediada söz davasına və qurum daxilində ciddi münaqişələrə qədər irəliləyib.

 

Əli Kərimlinin Eldar Namazov və Rauf Arifoğlu ilə davası 

 

Lent.az-ın Şura daxilindəki mənbələrdən əldə etdiyi məlumata görə, son iki gündə Milli Şuranın toplantılarında AXCP sədri Əli Kərimli ilə Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov arasında ciddi qarşıdurma baş verib. Ə. Kərimli müxalifətin seytnot vəziyyətə düşdüyünü deyib və bu duruma görə Eldar Namazovu qınayıb: “Əli Kərimli bildirdi ki, Eldar Namazov onunla söhbət edib və Rüstəm İbrahimbəyovun dəstəkləndiyini bildirib. Amma indi məlum olur ki, R. İbrahimbəyovu dəstəkləyən yoxdu, o heç bir danışıq aparmayıb. Əli Kərimli Rüstəm İbrahimbəyovla bağlı sənəd problemlərinin də onlardan gizlədildiyini dedi. Amma o, yenə də İsa Qəmbərin namizədliyinin müzakirəsi məsələsini, ümumiyyətlə, yaxına buraxmadı”.

 

Milli Şuradakı başqa bir mənbə isə “Yeni Müsavat” qəzeti ilə Əli Kərimli arasında qalmaqal baş verdiyini deyir. Məlumata görə, toplantıların birində Əli Kərimli “Yeni Müsavat”ı Milli Şuranın maraqlarına zidd yazılar yayımlamaqda, qurumu parçalamaqda ittiham edib. Qəzetin baş redaktoru Rauf Arifoğlu isə Ə. Kərimlini sosial şəbəkələrdə onun və qəzetinin əleyhinə “qara piar” kampaniyası qurmaqda ittiham edib. Müzakirələr kəskin mübahisə həddinə çatıb və Əli Kərimlinin toplantını tərk etməsi ilə yekunlaşıb. Bundan sonra isə “Azadlıq” qəzetində “Yeni Müsavat” qəzetinin əleyhinə bir neçə yazı dərc olunub. Yazılardan birində İsa Qəmbər də qəzetə “ajanlıq” etməkdə ittiham olunub. Qəzet həmçinin “Yeni Müsavat”ı “düşərgəyə xəyanət”də,  “hökumətə işləməkdə” ittiham  edib.

 

Rauf Arifoğludan Əli Kərimliyə ağır sözlər

 

Bu gün isə əvvəlcə “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu “facebook” sosial şəbəkəsində belə bir status paylaşıb: “Biri var, yenə qaşınır. İtini-pişiyini, zombilərini üstümüzə qısqırdıb... Üç seçkidir doğru bilib yapdığı ancaq və ancaq yanlış olur, fəlakət gətirir, düşərgəni iflic edir, bölür, parçalayır. Amma nolsun, bəhanəsi var. “Yeni Müsavat”ı, Müsavat Partiyasını suçlatdırır, çamur atdırır, hər kəsi xəyanətkar elan edib durur kənarda... Mən həyatım boyu bunca həyasız birisini görmədim. Rüşvət alıb hansı məmurları qoruduğunu, əlinin kimlərin cibindən çıxdığını yazacam, yenə ara qarışacaq... Özü də bilir ki, nələri bilirəm...”

 

Qeyd edək ki, bununla bağlı “Qafqazinfo” baş redaktorla əlaqə saxlayıb. R. Arifoğlu açıqlamasında yazdığı statusa əlavə şərh vermək istəmədiyini deyib: “Mən üstümüzə gələn itlərə daş atmışam. Ayrı heç nə demək istəmirəm".

 

Gələn informasiyalar, “Azadlıq” qəzetinin başladığı kampaniya Rauf Arifoğlunun bu ağır ifadələrinin ünvanının məhz AXCP sədri Əli Kərimli olduğunu anlamağa yetir. 

 

“Yeni Müsavat”: “Sizin seçdiyiniz o lider, o xilaskar, ən doğruların ən doğru yekunu hardadır?”

 

Baş redaktorun statusundan bir az sonra isə “Yeni Müsavat” qəzeti  “Azadlıq” qəzeti ilə bağlı geniş yazıyla çıxış edib.

   

Yazıda qeyd olunub ki, qəzetlərin işi ən müxtəlif mövqedən ən müxtəlif yazılar dərc etmək, bəzən xəbərlərlə oynamaq, gündəm yaratmaqdır: “Gizli saxlanan məqamları, danışıq və gedişatları da cəmiyyət üçün açsın, deşifrə etsin. Bunun üçün  dünyanın hər yerində bütün üsullar məqbuldur. Lakin biz “bütün üsullardan” ancaq birini -  öz məntiqimizi işlətmişik, təxminlərimizi yazmışıq. Bunun Milli Şuranın olmayan möhkəm birliyinə necə zərbə vurduğunu anlaya bilmədik”.

 

Qəzet daha sonra davam edib: “Milli Şura ilə bağlı müxalifətin iki liderinin Eldar Namazov və Rüstəm İbrahimbəyovla ortaq layihəsinin iflasa yaxınlaşması “Yeni Müsavat”ın suçu deyil. Nələr düz oldu - bunula işimiz yox. Bizim onda da işimiz yox ki, əgər hər şey düz idisə də, niyə 2013-cü ilin avqust ayının 7-də, hakimiyyət ciddi seçki hazırlığı içərisində olduğu bir zamanda demokratik düşəgə iflic vəziyyətə düşüb?  O sualı da vermirik ki, sizin seçdiyiniz o lider, o xilaskar, ən doğruların ən doğru yekunu hardadır? Zatən bu gün ortada olan vəziyyət hər şeyi aydınlaşdırır.

 

… Rüstəm İbrahimbəyov dəfələrlə deyib, dünən -  6 avqustda da təkrar edib ki, onun namizədliyi baş tutmasa, Bakıya gələ bilməsə, Müsavat başqanı İsa Qəmbərin namizədliyini dəstəkləyə bilər. Əslində bilirik ki, möhtərəm dostlarımızı qəzəbləndirən də bu məqamdır. Niyə İsa Qəmbərin adı çəkilir? Niyə ona dəstək məsələsi qabardılır? Bəzi funksionerlər də tələm-tələsik İbrahimbəyovun müsahibəsini tərcümə edirlər -  “O, təkcə İsa bəyin yox, başqalarının da adlarını çəkib…”

 

Əslində, hörmətli Rüstəm bəyin özünün dəstəyə ehtiyacı var. Onun İsa bəyə verə biləcəyi dəstəyi biz təsəvvür edə bilmirik. Hörmətli rejissorumuzun elə bir imkanı olsaydı, ilk öncə özünə verərdi o dəstəyi; Bakıya dönərdi, kampaniyaya başlayardı”.

 

İctimai Palatanı diriltməyə cəhd

 

Müsavat Partiyasına yaxın şəxslər isə artıq İctimai Palatanı yenidən bərpasının yollarını axtarırlar. Pənah Hüseyn “Yeni Müsavat” qəzetinə müsahibəsində İctimai Palatanın toplantısının artıq 2 aydır ki, keçirilmədiyini bildirib: “Mənimlə birgə İctimai Palatanın Koordinasiya Şurasının üzvləri Rauf Arifoğlu, Hacı İlqar İbrahimoğlu, Köçəri Nağıbəyli. Köçəri Nağıbəyliyə istinadən deyə bilərəm ki, Zəfər Quliyev də İctimai Palatanın toplanmasına tərəfdardır. Eyni zamanda Vidadi Mirkamalın bir neçə dəfə belə müraciəti olub. Mənzərədən də görünür ki, İctimai Palata Koordinasiya Şurası üzvlərindən bir çoxu qurumun fəaliyyətinin bərpasında maraqlıdır. Biz yalnız ümumi işə faydalılığı əsas gətirərək belə bir təklif irəli sürmüşük. Durum göz qabağındadır. İctimai Palatanın yenidən dirçəlməsi müxalifət düşərgəsinə yenidən stimul verə bilər. Mənim şəxsən istədiyim isə İctimai Palatanın sessiyasının çağırılmasıdır. Bunun üçün də Koordinasiya Şurası qərar verməlidir”.

 

Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun Rusiya Federasiyası vətəndaşlığından çıxmaq barədə müraciəti ilə bağlı APA-nın Moskva müxbirinə Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskovun verdiyi eksklüziv açıqlama isə gündəmi bir az da silkələdi. Peskov bildirib ki, bu prosedur müraciət edən şəxsin yaşayış yerindən asılıdır.

 

Peskovun söylədikləri arasında xüsusi  diqqət çəkən məqam isə Rüstəım İbrahimbəyovun Bakıdan da müraciət edə bilməsi ilə bağlıdır. Rusiya rəsmisinin sözlərinə görə, şəxs xarici dövlətin ərazisində yaşadığı halda, vətəndaşlıqdan çıxma proseduru sadələşdirilmiş qaydada aparılır: “Yazılı ərizə tələb olunan sənədlərlə birlikdə Rusiya Federasiyasının xaricdəki diplomatik və ya konsulluq nümayəndəliklərinə təqdim olunur. Diplomatik və ya konsulluq nümayəndəliklərinə təqdim olunan ərizənin baxılma müddəti isə təxminən 6 ay təşkil edir. Vətəndaşlıqdan çıxma proseduru şəxsin Rusiya Federasiyası vətəndaşlığından çıxması haqqında arayışı diplomatik və ya konsullu nümayəndəliklərindən almasından sonra bitmiş hesab edilir”.

 

Peskovun dediklərinə istinad etsək, o zaman R. İbrahimbəyovun “vətəndaşlıqdan çıxmaq üçün mütləq Moskvada olmalıyam” ifadəsinin manipulyasiya məqsədi daşıdığı görünür.

 

Bu gün isə Rüstəm İbrahimbəyov “mediaforum” saytına bu yaxınlarda Amerikaya getmə ehtimalının olduğunu söyləyib: “Mənim hazırda Bakıya gəlməyimin heç bir xeyri yoxdur. Kimsə qəsdən istəyir ki, mən gəlim, işlərim əngəllənsin. Bunun mənası yoxdur. Burada mən görən işləri heç kim görə bilməz. Bu işləri nəyə görə atıb Bakıya gəlməliyəm? Lazım olanda gələcəyəm”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2187
avatar

Oxşar yazılar