Siyavuş Novruzov: “Milli Şuranın milçəyin vızıltısı qədər təsir imkanı yoxdur”
12 fevral 2014 12:44 (UTC +04:00)

Siyavuş Novruzov: “Milli Şuranın milçəyin vızıltısı qədər təsir imkanı yoxdur”

“Bu gün Milli Şura Azərbaycanda ictimai-siyasi proseslərə milçəyin vızıltısı qədər təsir etmək imkanında deyil”


 

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Milli Şuranın sədri Cəmil Həsənli və “El” Hərəkatının sədri Eldar Namazov arasında yaranan gərginliyə münasibət bildirib.

 

S. Novruzov APA-ya açıqlamasında deyib ki, bu gün siyasi partiya yaratmağa hazırlaşan E. Namazovun siyasi iddiası olub.

 

Milli Şuranın E. Namazovun ideyalarından biri olduğunu deyən S. Novuzov bildirib ki, Milli Şurada Rüstəm İbrahimbəyov aldadıcı amilmiş: “Çünki əvvəldən də bilirdilər ki, onun ikili vətəndaşlığı, başqa ölkə qarşısında öhdəliyi var, 10 ildən artıqdır, Azərbaycanda yaşamır, prezidentliyə namizəd ola bilməz. Eldar Namazov da bildirdi ki, Milli Şurada Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyi məsələsi alınmayacaq. Partiyalara gəlincə, AXCP Müsavat Partiyası başqanının, Müsavat Partiyası isə AXCP sədrinin prezidentliyə namizədliyinə razı olmayacaqdı. Sonrakı dövrdə də gördük ki, bu partiyalar bir-birinə qarşı nə dərəcədə aqressiv münasibətdədir. Digər partiyalar haqqında da eyni sözü demək olar. Eldar Namazovun yeganə ümidi və qurduğu tor ondan ibarət idi ki, Rüstəm İbrahimbəyov variantı olmadığı təqdirdə, özünün Milli Şuranın İcra Aparatının rəhbəri kimi əvəzedici qismində prezidentliyə namizədliyinin irəli sürülməsinə nail olsun. Lakin Milli Şurada bunu başa düşən qüvvələr Eldar Namazovun namizəd olmaması üçün Cəmil Həsənlinin namizədliyini irəli sürərək dəstəklədilər. Belə olan təqdirdə seçki dövründə Eldar Namazov faktiki bu proseslərə qoşulmadı. Milli Şuradakılar indi çıxışlarında da qeyd edirlər ki, Eldar Namazov nə mitinqlərin təşkilində, nə imzatoplama, nə də təbliğat-təşviqat kampaniyasında iştirak etdi. Eldar Namazovun Milli Şurada yaratdığı komissiyalar da seçki kampaniyasında iştirak etməyib. Cəmil Həsənli və Eldar Namazov arasında qarşıdurmanın səbəbi bunlardır. Digər tərəfdən, Cəmil Həsənlinin Azərbaycanda kifayət qədər hörmətinin olmaması, cəmiyyətdə qəbul edilməməsi, İsa Qəmbərin də dediyi kimi, ziyalıların böyük əksəriyyətinin Cəmil Həsənlini yaxşı tanıdığından onu dəstəkləməməsi fonunda Milli Şuranın seçki prosesində iştirakı çox zəif oldu. Beləliklə, Milli Şurada toplaşan müxalifətin bir hissəsinin namizədi çox acınacaqlı şəkildə məğlubiyyətə uğradı”.

 

S. Novruzov Milli Şura və “El” Hərəkatının artıq məhv olmuş qurumlar olduğunu  vurğulayıb: “Milli Şura anadan ölü doğulmuş uşaqdır. Burada təmsil olunan insanlar ayrı-ayrı partiyalarda təmsil olunurlar, bir ildə beş təşkilat dəyişirlər. İndi də Milli Şuranın siyasi qurum kimi fəaliyyət göstərməsi ideyasını ortaya atıblar. O cümlədən Eldar Namazov “El” Hərəkatını partiyaya çevirmək ideyasını irəli sürüb. Milli Şurada Cəmil Həsənlidən başqa adam qalmayıb. Vaxtilə çıxışlarımda demişdim ki, Cəmil Həsənli tərəzidəki boyun əti kimi ortada qalacaq, bu gün də qalıb. Əksəriyyət Milli Şuradan istefa verib. Özünə yer tapa bilməyən iki-üç adam qalıb, onlar da yer tapan kimi gedəcəklər. Bu gün Milli Şura Azərbaycanda ictimai-siyasi proseslərə milçəyin vızıltısı qədər təsir etmək imkanında deyil. “El” Hərəkatı da faktiki yoxdur. Orada da 2-3 nəfər vardı, həmin adamlar Milli Şurada idilər. Sadəcə, bu adamlar öz rollarını oynadılar, xaricdən vəsaitlərini aldılar, satqınlıqlarını göstərdilər. Öz dairələrinə, ağalarına Azərbaycan haqqında düzgün olmayan məlumat verdilər, seçki prosesinə kölgə salmağa çalışdılar. Lakin bunların heç biri baş tutmadı. Azərbaycan xalqı və prezident bir yerdə oldu. Onların isə hamısı artıq məhv olmuş ölü candır”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 569
avatar

Oxşar yazılar