Yanvarın 6-da Tacikistan Respublikası energetika və su ehtiyatları naziri Osmanəli Osmanovla Azərbaycanın Tacikistan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Abbasəli Həsənov arasında görüş keçirilib.
Lent.az-ın məlumatına görə, səfir Tacikistanın prezidenti İmaməli Rəhmanın 2012-ci ilin 12-13 iyul tarixlərində ölkəmizə rəsmi və həmin il oktyabrın 15-16-da işgüzar səfərlərinin əhəmiyyətini vurğulayıb, 2013-cü il ərzində Azərbaycanın Tacikistandakı səfirliyinin həyata keçirdiyi tədbirlər barədə məlumat verib. O, Azərbaycan tərəfinin Tacikistanla bütün sahələrdə, o cümlədən hidroenergetika sahəsi də daxil olmaqla iqtisadi sahədə münasibətlərin dərinləşdirilməsində və genişləndirilməsində maraqlı olduğunu qeyd edib.
Azərbaycanlı diplomat iqtisadi-ticarət, elmi-mədəni əməkdaşlıq məsələləri üzrə Azərbaycan-Tacikistan Hökumətlərarası Komissiyanın 2013-cü il sentyabrın 3-5 tarixlərində Bakıda keçirilən 2-ci iclasında danışaraq, iclasın yekun sənədi kimi nazirlər tərəfindən protokolun imzalandığını bildirib.
Həmsöhbətlər liderlərin siyasətləri sayəsində Azərbaycan və Tacikistanın qarşılaşdıqları bütün çətinliklərə sinə gərərək iki xalq arasında tarixən formalaşmış dostluq əlaqələrini bundan sonra daha da inkişaf etdirəcəklərini qeyd ediblər. Onlar iki ölkənin prezidentləri arasında səmimi dostluq əlaqələrinin mövcud olduğunu və bu faktın münasibətlərin bütün sahələrdə müsbət məcrada davam etdirilməsi üçün möhkəm zəmin yaratdığını qeyd ediblər.
O.Osmanov ölkənin su ehtiyatlarından istifadə sahəsində Tacikistanın potensialı və təcrübəsi barədə danışıb. Onun sözlərinə görə, Orta Asiyanın su ehtiyatlarının 60 faizi Tacikistanın payına düşür. Hər il demək olar ki, Tacikistanda əhalinin və müəssisələrin enerjiyə olan tələbatını tam və fasiləsiz ödəmək üçün yeni böyük və kiçik SES-lər tikilir.
Nazir bildirib ki, əsasən Çin, Türkiyə, Avropa şirkətləri, Asiya İnkişaf Bankı və İslam İnkişaf Bankı vasitəsilə Tacikistanda kiçik və böyük SES-lərin tikintisi üzrə tenderlərdə iştirak edir, Azərbaycan da bu bankların üzvü olduğuna görə tenderlərə qoşula bilər.
Səfir A.Həsənov öz növbəsində, son 10 ildə Azərbaycan iqtisadiyyatının, o cümlədən su ehtiyatlarından istifadə, elektrik enerjisinin istehsalı sahəsində sürətli inkişafı haqqında həmsöhbətinə məlumat verib. O, qeyd edib ki, son 10 ildə Azərbaycan iqtisadiyyatına 150 mlrd. dollar investisiya qoyulub, onun yarısı Azərbaycanın öz daxili investisiyasıdır. Son bir neçə illər ərzində Azərbaycan investisiya daxil edən ölkədən ixrac edən ölkəyə çevrilmiş, təxminən 10 mlrd. dollar həcmində Rusiya, Belarus, Ukrayna, Moldova, Gürcüstan, Türkiyə kimi dövlətlərə investisiya qoyub.
Səfir A.Həsənov Dağlıq Qarabağ münaqişəsi, onun mənfi nəticələri barədə danışıb, Azərbaycanın 20 faiz torpaqlarının Ermənistan tərəfindən işğal olunduğunu, nəticədə bir milyondan çox insanın məcburi köçkün vəziyyətinə düşdüyünü vurğulayıb. “BMT TŞ-nin Azərbaycanın işğal olunmuş torpaqlarının qeyd-şərtsiz işğaldan azad edilməsi barədə qəbul etdiyi 4 qətnaməyə baxmayaraq Ermənistan bu günə qədər Azərbaycan torpaqların işğal altında saxlayır” – deyə, səfir bildirib.