Azərbaycan Respublikasının Meksikada və eyni zamanda Panamadakı Səfiri İlqar Muxtarov Panamanın xarici işlər naziri Fernando Nunyez Fabreqa görüşüb. Səfirlikdən Lent.az-a verilən məlumata görə, səfir ölkəmizin Latın Amerikası ölkələri ilə münasibətlərindən söz açaraq, Azərbaycanın Panama ilə dostluq əlaqələrinin yaradılmasında və əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib. Səfir həmçinin cari ilin sonunadək Panamada ölkəmizin diplomatik nümayəndəliyinin açılacağı barədə məlumat verib. Diplomat ölkəmizin yaxın siyasi tarixi, Azərbaycanda dövlətçiliyin inkişafı, Azərbaycanın Cənubi Qafqazda iqtisadiyyatının 80% təşkil etməsi ilə regionda lider ölkə olduğu, habelə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə nazir Fernando Nunyez Fabreqaya bəhs edib. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətindən danışaraq, səfir İ.Muxtarov münaqişənin tarixi və nəticələri, Xocalı soyqırımı haqqında Panama Xarici İşlər Nazirinə məlumat verib.
Öz növbəsində, nazir Fernando Nunyez Fabreqa Azərbaycanın Panamada diplomatik nümayəndəliyinin açılmasında maraqlı olduğunu bildirərək, bunun Panama-Azərbaycan əlaqələrinin yaxınlaşmasına xidmət edəcəyini qeyd edib. Görüşün sonunda səfir İ.Muxtarov Panama XİN-ni Azərbaycana səfərə dəvət edib.
Panamaya səfər zamanı, səfir İ.Muxtarov Panama parlamentində müxtəlif görüşlər keçirib, parlamentlərarası əlaqələrin qurulmasında qarşılıqlı səfərlərin təşkil olunmasının vacib əhəmiyyətini qeyd edib və ölkəmizin Panama ilə siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb. Azərbaycan səfiri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyi, Xocalı soyqırımı haqqında və bu soyqırımının beynəlxalq səviyyədə tanınması prosesindən söz açaraq, son zamanlar dünyanın müxtəlif ölkələrinin, habelə Latın Amerikası ölkələrinin parlamentləri tərəfindən Ermənistanın təcavüzü və Xocalı soyqırımına dair qəbul edilmiş qətnamələr barədə Panama parlamentinin üzvlərini məlumatlandırıb.