MSK bildirişlərin mətni, forması, sayı və hazırlanması barədə qərar verib
Mərkəzi Seçki Komissiyası (MSK) səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişlərin mətni, forması, sayı və hazırlanması Qaydası haqqında qərar verib.
Lent.az-ın verdiyi məlumata görə, qərarda qeyd edilir ki, Seçki Məcəlləsinin 104.1-ci maddəsinə əsasən, məntəqə seçki komissiyaları səsvermənin yeri və vaxtı haqqında seçiciləri xəbərdar etməlidirlər.
Mərkəzi Seçki Komissiyasının qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) səsvermənin yeri və vaxtı barədə bildirişlərin seçicilərə paylanması (çatdırılması) Qaydaları”na uyğun olaraq bildirişlərin forması, sayı və hazırlanmasına dair tələblər Mərkəzi Seçki Komissiyasının qərarı ilə səsvermə gününə ən azı 40 gün qalmış təsdiq edilməli və müəyyən olunmuş formada və sayda poliqrafiya müəssisəsində hazırlanmalıdır. Ona görə də seçici, onun ünvanı və səs verəcəyi seçki məntəqəsinin ünvanı haqqında, səsvermənin yeri və vaxtı, səsvermə prosesində istifadə edilən şəxsiyyəti təsdiq edən sənədlərin siyahısı, səsvermə qaydaları və s. bu kimi maarifləndirmə xarakterli məlumatları özündə əks etdirən bildiriş nümunəsi hər bir seçicinin ünvanına çatdırılması üçün respublika üzrə daimi seçici siyahılarına daxil edilmiş seçicilərin sayı nəzərə alınmaqla, həmin saydan təqribən 3% artıq olmaqla Milli Məclisi Aparatının mətbəəsində mətbəə üsulu ilə hazırlanması məqsədəmüvafiqdir.
MSK-nın qərarı ilə oktyabrın 9-na təyin edilmiş prezident seçkiləri ilə əlaqədar səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişin mətni və forması təsdiq edilib. Eyni zamanda səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişlərin sayı 5.150.000 (beş milyon yüz əlli min) ədəd müəyyən edilərək Milli Məclisi Aparatının mətbəəsində mətbəə üsulu ilə hazırlanacaq.