Rauf Arifoğlu: “Əli Kərimliyə təklif etmişəm ki...”
07 yanvar 2014 13:18 (UTC +04:00)

Rauf Arifoğlu: “Əli Kərimliyə təklif etmişəm ki...”

“Facebook”da özünü AXCP üzvü kimi təqdim edən Əli Hacılının AXCP funksioneri Kəmalə Bənənyarlıya “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun üzərinə benzin tökərək yandırmağı təklif etməsi yeni qalmaqala səbəb olub.


 

AXCP mətbuat xidmətinin rəhbəri Natiq Güləhmədoğlu APA-ya açıqlamasında deyib ki, Əli Hacılı AXCP üzvü deyil, partiyanın xaricdə yaşayan təəssübkeşlərindən biridir. O, artıq məsələnin “yoluna qoyulduğunu” da bildirib.

 

Rauf Arifoğlu isə APA-ya açıqlamasında “AXCP dəstəsi” və bu partiyanın üzvləri tərəfindən nə üçün yenidən hədəfə alındığının ona aydın olmadığını söyləyib: “Kəmalə Bənənyarlı ilə telefonla danışdım, doğrusu, dərinə də gedə bilmədim. Mənə bircə şey aydın oldu ki, o xanımı səhv yönləndiriblər və yanlış məlumat veriblər.  Ancaq demədi ki, bu məlumatları ona kim verib. O məlumat əsasında da Kəmalə Bənənyarlı status yazıb. Guya Kəmalə Bənənyarlı barədə mənim təsisçisi olduğum “minval.az” saytında yazılar gedib. Yerdə qalan cəbhəçilər də ağına, bozuna baxmadan Kəmalə Bənənyarlıya məsləhət görüblər ki, redaksiyaya gedib həm Rauf Arifoğlunu, həm də redaksiyanı yandırmaq lazımdır. Kim də yanğını söndürmək istəsə, onları da yandırmaq lazımdır. Bu antiinsanlığı heyrətlə izləməkdəyəm və şokdayam. Ortada heç bir yazı yoxdur. Sonra da məlum olur ki, rusdilli “minval.az” saytında ümumiyyətlə, o xanımı tanıyan bir nəfər belə yoxdur. Arxivi araşdırdıq, bir il ərzində saytda cəmi bir dəfə yazı çıxıb, “Turan” agentliyinin xəbəridir ki, Kəmalə Bənənyarlını 500 manat cərimələyiblər. Düzdür, Kəmalə xanım üzrxahlıq etdi və mən də o üzrxahlığı qəbul etdim. Amma onun əvvəl yazıb, sonra sildiyi statusunun altında AXCP üzvləri məni təhqir etmişdilər, bəziləri də təhdid etmişdilər ki, onu yandırmaq lazımdır”.    

 

R. Arifoğlu sonradan apardığı araşdırma nəticəsində AXCP üzvü kimi onu yandırmağı məsləhət görən Əli Hacılının xaricdə yaşadığını və AXCP üzvü kimi status yazdığını öyrəndiyini açıqlayıb: “Əsas məsələ odur ki, AXCP-nin təəssübkeşi də, üzvü də, vətəndaş da olsa, AXCP-nin çətiri altındadır. Əli Hacılının bütün statusları, bütün virtual fəaliyyəti AXCP-yə həsr olunub. Mən hesab edirəm ki, növbəti dəfə AXCP üzvlərinin böhtanına, şantajına məruz qalmışam. Mən dəfələrlə AXCP rəhbərliyinə, partiyanın sədri Əli Kərimliyə müraciət etmişəm. Münasibətlərimizin normal vaxtında görüşərək özünə təklif etmişəm ki, bir dəfə rəsmi çıxış edərək AXCP-nin “Yeni Müsavat” və Rauf Arifoğlu adlı düşməni olmadığını bəyan edin, AXCP üzvləri də bunu bilsinlər və düşmənçiliklərini dayandırsınlar. Çünki onlara elə gəlir, yaxud o cür təlimatlandırılıblar ki, ölkədə Əli Kərimlinin bir nömrəli, yaxud iki nömrəli düşməni Rauf Arifoğludur. Ona görə də günahım oldu, olmadı, kim barəmdə neqativ nə isə yazsa, cəbhəçilər tökülüşüb təhqir, şantaj edir, məni mənəvi terrora məruz qoyurlar. Bu vəziyyətdən bezmişəm. Məni, bir qəzetin baş redaktorunu yandırmağa çağırmaq cinayət əməli, terrora çağırışdır. İndi onun yaşadığı ölkəni araşdırıram. Əli Hacılının yaşadığı ölkənin Bakıdakı səfirliyinə müraciət edəcəyəm ki, bu şəxs terrora, məni öldürməyə çağırır və bir xanımın emosional vəziyyətindən istifadə edərək onu yönləndirir ki, getsin “Yeni Müsavat” qəzetini və onun baş redaktorunu yandırsın”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1502
avatar

Oxşar yazılar