Qənirə Paşayeva hirsləndi: “Ey dünyadan bixəbər bədbəxtlər, cahillər...”
02 mart 2014 01:28 (UTC +04:00)

Qənirə Paşayeva hirsləndi: “Ey dünyadan bixəbər bədbəxtlər, cahillər...”

0

“Bu ölkədə bir qrup cahil, həyatda heç bir zaman xeyrli işlə məşğul olmayan, sadəcə millətin oğul və qızlarına şər-böhtan atmaqla məşğul olan və bundan zövq alan insan var. Bir neçə gündür ki, məni nurçuluq təriqətinin mənsubu olmaqda ittiham edirlər və bununla mənə zərbə vuracaqlarını düşünürlər”.

 

 

Lent.az-ın xəbərinə görə, bunu millət vəkili Qənirə Paşayeva “facebook” sosial şəbəkəsindəki səhifəsində Fətullah Gülənə bağlı olan “nurçuluq” təriqətinə mənsub olması ilə bağlı yazılan iddialara cavabında qeyd edib.

 

Q. Paşayeva onu “nurçu” adlandıranlara sərt müraciətlə səslənib: “Ay bədbəxtlər, əvvəlcə sizə xatırladım ki, ölkəmizdə din azadlığı var və hər kəsin inancına sayğı duyulmalıdır. Hər bir insan istədiyi təriqətə inana və bağlı olan bilər. Konstutsiyamıza və qanunlarımıza görə də burada heç bir qanunsuzluq yoxdur. Başqalarının inancına müdaxilə edib, onu hədəf almaq isə ciddi qanun pozuntusudur. Mən də hər bir Azərbaycan vətəndaşı kimi istədiyim təriqətə inanmaqda, daxil olmaqda sərbəstəm və hər hansı bir təriqətin mənsubu olmaq istəsəm sizdən və başqalarından bunun üçün icazə almamalı və hesab verməməliyəm. Əgər hər hansı bir təriqətin, o cümlədən nurçuluq təriqətinin üzvü olsam bunu qorxmadan, açıq söyləyərəm. Burada qanunsuz bir şey olmadığını təkrar siz cahil və xəbis niyyətli insanlara söyləmək istəyirəm”.

 

 

Daha sonra Q. Paşayeva bu gün onunla bağlı yayılmış video çıxışa münasibət bildirib.

 

 

Qeyd edək ki, aznews.az saytı Qənirə Paşayevanın 1 il əvvəl Beynəlxalq Dil və Mədəniyyət Şənlikləri (Uluslararası Dil ve Kültür Şöleni) çərçivəsində keçirilən Tükçə Olimpiyadaları - Musiqi Finalında (Türkçe Olimpiyatları Şarkı Finali) etdiyi çıxışı yayımlayıb. Saytın yazdığına görə, millət vəkili həmin çıxışında tədbirin təşkilatçısı kimi tanınan Fətullah Gülənə işarə edərək, ona xüsusi təşəkkür ismarışı göndərib: “Hər bir işin bir memarı var. Mən bu işin memarına, dünyaya sevgi yayan o gözəl insana da bir alqış istəyirəm. Hamınızın yerinə ona “Allah razı olsun” deyirəm. Çünki bu gün dünyanın ehtiyacı olan şey bu salonda olan sevgidir, anlayışdır, qardaşlıq duyğusudur. Bu gənclər də dünyaya bunu yayacaq”.

 

Q. Paşayeva isə bir il əvvəl belə bir çıxış etdiyini təqsdiqləyib və bildirib ki, “qorxsaydım, o çıxışı etməzdim. Çünki sizdən fərqli olaraq mən sifarişlərlə işləmirəm”.

 

Millət vəkili Seyid Yəhya əş-Şirvani əl-Baküvi, Həzrəti Mövlana, Hacı Vəli Bektaş, Mir Həmzə Seyid Nigari ilə bağlı da beynəlxalq konfranslarda çıxışları olduğunu xatırladıb və onu hədəfə alanları həmin çıxışlarla da tanış olmağa dəvət edib.

 

Q. Paşayeva qeyd edib ki, o, bu çıxışları Bakıda hər il edir: “Ey dünyadan xəbərsizlər, mən bu çıxışları Bakıda türk məktəblərinin festivallarında həmişə etmişəm, xəbəri sizə yenimi çatıb? Yazıqlar olsun sizə… Bəli, bu gün də hesab edirəm ki, dünyanın müxtəlif yerlərində açılan türk okulları və Azərbaycandakı türk okulları insanımız, türk milləti üçün zərərli deyil, xeyirli işlərlə məşğul olub. Bunu təkcə mən deyil, ölkəmizin rəhbərliyi, Türkiyə prezidenti, baş naziri, bir çox millət vəkilləri də deyiblər və onların videosunu da internetdən tapa bilərsiniz”.

 

Q. Paşayeva ona qarşı kampaniyanın arxasında dayanan adamları yaxşı tanıdığını da qeyd edib: “Bu kampaniyanın rəhbərlərindən birinə bu sualı verirəm. Əgər bu məktəblər pis idisə, niyə övladınızı orada oxumağa vermişdiniz? O zaman demək sizin övladınız da nurçuluq təriqətinin üzvüdür? Bizi, bir qrup gənc insanı çeşitli mətbuat orqanları vasitəsi ilə hədəfə alan, bədbəxtlər, sizin dərdiniz başqadır, bunu bilənlər bilir. Siz bu ölkəni, onun inkişafını sevmirsiniz, siz sadəcə öz şəxsi maraqlanızı və mənafeyinizi düşünürsünüz, sizin kimi istedadsız insanların önünə keçən aydın gənclərə nifrət edir və onlara bu yollarla zərbə vurmaq istəyirsiniz. Amma alınmayacaq”.

 

 

Q. Paşayeva onunla bağlı müxtəlif iddialarla çıxış edən media orqanları ilə hüquq müstəvisində mübarizə aparacaq: “Mənə vurduqları mənəvi ziyana görə onlardan məhkəmə yolu ilə əldə edəcəyim təzminatı isə ehtiyacı olanlara hədiyyə etməkdən böyük məmnuniyyət duyacam”.

 

Millət vəkili sonda ismarış da göndərib: “Bu sizə qısa cavabımdır, daha geniş cavabımı gözləyin…”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5018

Oxşar yazılar