“Fərhad Əliyev hazırda Almaniyadadır. Səhhətində problem var və Berlin şəhərindəki xəstəxanalardan birində müalicə olunur”. Bunu "mediaforum” saytına keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin qardaşı Ərşad Əliyev deyib.
O bildirib ki, F. Əliyev işemiyadan əziyyət çəkir: “Bu xəstəlik onda həbs olunmamışdan əvvəl yaranmışdı və dəfələrlə Almaniyada müalicə olunub, kurs keçib. Həbsxanaya düşəndən sonra səhhəti daha da ağırlaşdı, ağrıları artdı. Eyni zamanda həbsdə revmatizm xəstəliyi tapıb. Ona görə də həbsdən çıxandan bir neçə gün sonra müalicə olunmaq üçün Almaniyaya getdi”.
Hazırda qardaşının səhhətinin normal olduğunu deyən Ə. Əliyev sabiq nazirin oğlunun və həyat yoldaşının Böyük Britaniyada olduğunu bildirib.
Qardaşı Rafiq Əliyevin də Fərhad Əliyevlə birlikdə Almaniyada olduğunu bildirən Ə. Əliyev onun səhhətində heç bir problem olmadığını deyib: “Fərhad Əliyev müalicə olunur, Rafiq də qardaşına qulluq edir”.
Qardaşlarının Azərbaycanı birdəfəlik tərk etməsi və bir daha geri qayıtmayacaqları haqda məlumatların yanlış olduğunu qeyd edən Ə. Əliyev deyib ki, onlar Novruz bayramı ərəfəsində ölkəyə dönəcəklər.
Qeyd edək ki, Fərhad və Rafiq Əliyevlər 2005-ci ildə tutularaq 10 və 9 il müddətinə azadlıqdan məhrum ediliblər. Onlar 2013-cü il oktyabrın 14-də prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıblar. Keçmiş nazir həbsdən çıxdıqdan bir müddət sonra qardaşı ilə birgə Avropaya yollanıb.