Prezident İlham Əliyev avqustun 14-də İsmayıllı rayonuna səfəri çərçivəsində tikiş fabrikinin açılışında iştirak edib. Lent.az-ın məlumatına görə. məlumat verilib ki, müəssisədə Yaponiya, Çin, Rusiya, Almaniya və Türkiyə istehsalı olan ən müasir avadanlıq quraşdırılmışdır. İkinövbəli iş rejimində 104 nəfərin işləyəcəyi müəssisənin yaradılması İsmayıllıda məşğulluğun artırılmasına da mühüm töhfədir. Fabrikin həyətində geniş abadlıq-quruculuq işləri görülüb, yaşıllıq zolağı salınıb.
Bu gün həmçinin, prezident İlham Əliyev İsmayıllı şəhərinə içməli suyun verilməsi mərasimində iştirak edib. Dövlət başçısı əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü, əlamətdar hadisə münasibətilə onları təbrik edib.
İctimaiyyətin adından çıxış edən Talıstan kənd tam orta məktəbinin direktoru Aydın Əzizov İsmayıllının inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına təşəkkür edib.
Sonra “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Əhməd Əhmədzadə Prezident İlham Əliyevə milli su təchizatı və kanalizasiya xidmətləri üzrə ikinci layihə çərçivəsində görülən işlər barədə məlumat verib. Bildirildi ki, İsmayıllı rayonunda sifarişçisi “Meliorasiya və Su Təsərrüfatı” ASC olan su təchizatı və kanalizasiya şəbəkəsi, çirkab sutəmizləyici qurğunun tikinti və yenidənqurma işləri bu sahədə böyük təcrübəsi olan şirkətlər tərəfindən həyata keçirilir. İsmayıllı şəhərinin əhalisinin sayının 2030-cu ilədək 28 min nəfərdən çox olacağı nəzərə alınaraq, rayon mərkəzini içməli su ilə təmin etmək məqsədi ilə layihədə su mənbəyi kimi rayonun Qız qalası ərazisində yerləşən Ax-ox çayın məcraaltı suları nəzərdə tutulub.