Nazirin qardaşı oğlu ilə bağlı qalmaqal böyüyür
12 fevral 2014 15:46 (UTC +04:00)

Nazirin qardaşı oğlu ilə bağlı qalmaqal böyüyür

Dünən Virtualaz.org saytı nəqliyyat naziri Ziya Məmmədovun kiçik qardaşı, deputat Elton Məmmədovun 26 yaşlı oğlu Aynar Məmmədovun maşın və saat kolleksiyasının olmasına dair yazı yayımlayıb.

 

Yazıda bildirilib ki, Aynar Məmmədov “müasir gəncdir və sosial şəbəkələrdən də fəal şəkildə istifadə edir”. Saytın yazdığına görə, A. Məmmədov özünün sosial şəbəkələrdəki ünvanında müxtəlif markalı bahalı maşınlarını və saat kolleksiyasını nümayiş etdirib.

 

Sayt şəkillərini paylaşdığı “Lamborghini Avendator LP700-4”, “Mercedes CLS 63” (72 min dollar), “Grand Cherokee”, “Ferrari” , “Maserati”  və “BMW M5” markalı maşınların deputat oğluna məxsus olduğunu, onun “ərəblərin dəbdəbəli “Hindal Oud” parfümeriya fabrikində xüsusi sifarişlə hazırlanan” ətirlərdən istifadə etdiyini, bahalı saatlardan ibarət kolleksiyası olduğunu yazıb.

 

Bu gün isə Aynar Məmmədovun atası, özü və deputat Aydın Mirzəzadə yazıya münasibət bildiriblər.

 

Deputat E. Məmmədov “publika.az” saytına açıqlamasında yazının “əvvəldən sonadək şantaj xarakterli və uydurma olduğunu” deyib. E. Məmmədov yazının yayıldığı saytın rəhbəri E. Fətullayevi “şantajçı” adlandırıb: “Əgər mənim oğlumun elə maşınları varsa, yalançının atasına lənət olsun! Eynulla bundan sonra 100 yaşasa belə, mənim oğlum kimi ağıllı, tərbiyəli, vətənpərvər, savadlı və bir neçə xarici dil bilən insan ola bilməz. Mənim böyük oğlum isə 2010-cu ildə Bolqarıstanda keçirilən yarışda Avropa çempionu olub. Özü də erməni mənşəli idmançını döyüb”.

 

Deputat deyib ki, o maşınların oğluna aidiyyatı yoxdur və yazı “şəxsi həyata müdaxilədir”: “Sən kimsən ki, o fotoları yayırsan? Əgər sən normal jurnalistsənsə, əvvəlcədən yoxla o maşınları, öyrən , gör,  ümumiyyətlə, Azərbaycanda belə bir maşın varmı? Əgər sən bunun hüququ bazasını yoxlamaq istəyirsənsə, o zaman gömrük orqanlarına müraciət edib öyrənə bilərsən”.

 

Deputat Sovet İttifaqı dövründən bizneslə məşğul olduğunu deyib: “Mən indi müasir və inkişaf etmiş Azərbaycanda öz oğluma normal maşın ala bilmərəm? Mənim oğlumun avtomobilinin dəyəri 100 min manatdan aşağıdır.  Azərbaycan qanunları bahalı avtomobillərin ölkəyə gətirilməsinə də imkan verir. Heç bir qanunda buna məhdudiyyət yoxdur. Camaat 100 milyona təyyarə alıb gətirir. Heç buna məhdudiyyət qoyulmur. Ancaq hansısa xarici ölkədə bahalı maşınla foto çəkilib, bunu götürüb yazırlar ki, filankəsin 500 minlik maşını var və sairə. Burada söhbət oğlumdan deyil, Elton və Ziya Məmmədovlardan gedir. Bizi qaralamaq istəyirlər”.

 

Deputatın oğlu A. Məmmədov isə aznews.az saytına “Mətbuatda mənə aid olduğu bildirilən avtomobillərin əslində, mənə heç bir aidiyyəti yoxdur” deyib. O bildirib ki, fotolardakı avtomobillər onun dostlarına və tanışlarına məxsusdur: “Fotoların bəzisi mənim “İnstagram” səhifəmdə yerləşdirilib. Ancaq mətbuatda hətta həmin səhifədə olmayan avtomobillərin də fotoları yayılaraq, guya, həmin maşınların mənə məxsus olduğu iddia olunub. Bunlar mənə atılan böhtandır. Ümumiyyətlə, belə məsələlərin ictimailəşdirilməsinə ehtiyac olmadığını düşünürəm”.

 

Deputat Aydın Mirzəzadə isə “facebook” səhifəsində “İmkanlı olmaq qəbahət deyil” sərlövhəsi ilə yazı paylaşıb.

 

Deputat bildirib ki, həmkarının oğluna qarşı haqsızlığa yol verilir, “gənc Məmmədovun şəxsi həyatına kobudcasına müdaxilə edilir, onun haqqında əsası olmadan kobud və həqarətli fikirlər bildirilir”.

 

A. Mirzəzadəyə görə, bu hücumlar A. Məmmədovun tanınmış ailədən olması və biznes fəaliyyətini uğurla qura bilməsi ilə bağlıdır: “Bütün bu söhbətlərdən isə bolşevizmin iyi gəlir. Müasir dövrdə insanın imkanlı olduğuna görə ittiham edilməsi çox əcaib görünür”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7789
avatar

Oxşar yazılar