“Müsavat Partiyasının müttəfiqlik barədə saziş imzalamağı təklif etdiyi bəzi siyasi qüvvələr belə münasibətlərin qurulmasından imtina etməklə yanaşı, Müsavat Partiyasına qarşı böhtan və təhqir kampaniyasının yeni mərhələsinə start verməsi Müsavat Partiyası və AXCP arasında münasibətlərin gərginləşməsinə şərait yaradır”.
Lent.az-ın məlumatına görə, bu barədə Müsavat Partiyasının yaydığı bəyanatda deyilir.
Bildirilir ki, Müsavat Partiyasına qarşı təhqir və böhtanların sosial şəbəkədə və mətbuatda yer alması xüsusilə yolverilməzdir: “Müsavat Partiyası haqqında yayılan böhtanlar içərisində guya partiyanın öz siyasi kursunu dəyişməsi, 2015-ci ildə keçiriləcək parlament seçkilərində mandat əldə etmək məqsədi ilə hakimiyyətlə separat danışıqlara getməsi kimi absurd bir iddianın irəli sürülməsi xüsusi ikrah hissi doğurur”.
Bəyanatda daha sonra Müsavat Partiyasının hakimiyyətlə danışıqları getməsi barədə iddiaların tamamilə yalan və böhtan xarakterli olduğu vurğulanır: “Müsavat Partiyası onun ünvanına söylənilən təhqir və böhtanlara əhəmiyyət verməyərək öz işini ölkədə demokratik islahatların aparılması, fundamental hüquq və azadlıqların təmin edilməsi məqsədi ilə partiya Məclisinin qəbul etdiyi “2014-cü ilin Fəaliyyət istiqamətləri” sənədinə əsasən davam etdirir”.
Müsavat ölkədə fəaliyyət göstərən müxalif partiya və birliklərin də bu istiqamətdə qərar qəbul edəcəyi halda birgə fəaliyyət göstərilməsini məqsədəuyğun hesab edir və bu məqsədlə ölkədə fəaliyyət göstərən bütün real müxalifət qüvvələrinə müraciət edir: “Müsavat Partiyası KİV-lərdə və sosial şəbəkələrdə partiyanın, onun liderlərinin ünvanına səsləndirilən həqiqətdən uzaq fikirlərin, xüsusilə təhqir və böhtanların yolverilməzliyini bir daha diqqətə çatdıraraq, bu gündən həmin fikirlərə münasibət bildirməmək haqqında birtərəfli qaydada moratorium qəbul etdiyini bəyan edir və partiya öz üzvlərinə açıqlamalarında bu qərarı nəzərə almağı tövsiyə edir”.