“Artıq monopoliyaya çevrilmiş təşkilatda təmsil olunmaq mümkün deyil.
Müsavat Partiyası Gənclər Təşkilatında yaranan vəziyyətdə məqsəd, başqanlığa iddialı olan Tural Abbaslının mövqelərinə zərbə vurmaqdır. Bu məsələdə partiya rəhbərliyinin rolu böyükdür”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Gənclər Təşkilatının (GT) sabiq üzvü Cavanşir Abbaslı təşkilatdan kənarlaşdırılmasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, ötən il noyabrın 17-də partiyanın Gənclər Təşkilatının sədrliyinə keçirilən seçkilərdən sonra GT-də yeni qruplaşmalar yaranıb və qalib gələn Əhliman Abbas digər namizəd Rüfət Hacıbəylinin tərəfdarlarına qarşı kampaniyaya başlayıb: “Biz Rüfət Hacıbəylinin tərəfdarları idik. Əhliman Abbas seçkilərdə qalib gəldikdən sonra o və tərəfdarları bizə qarşı açıq intriqalara başladılar. Biz Şura üzvlüyünə belə namizədliyimizi verə bilmədik, bizə imkan yaratmadılar. Buna baxmayaraq, biz iclaslarda iştirak edirdik, intriqalara getmirdik. Çünki bunun partiya üçün pis nəticələr verəcəyini bilirdik. Lakin onlar bizdən əl çəkmədilər. Bizimlə eyni düşüncədə olan bəzi Şura üzvlərini də kənarlaşdırdılar. Sonradan bizim xəbərimiz belə olmadan, gizli iclas keçirərək bizi təşkilatdan xaric ediblər. Biz bunun səbəblərini soruşduq. Səbəb olaraq dedilər ki, guya biz partiya və təşkilat sədrini təhqir etmişik. Lakin buna heç bir sübut da gətirə bilmədilər. İş o yerə çatdı ki, mənə dedilər ki, təhqir etməsəm də, guya status yazıb, təşkilat sədrini təhqir etməyə şərait yaratmışam və buna görə çıxarılmışam. Bunlar gülünc məsələlərdir, hamısı yalandır”.
C. Abbaslı bildirib ki, onlara qarşı bu kampaniyanı həm də Divan üzvü Tural Abbaslıya qarşı hücum kimi qəbul edirlər. Onun sözlərinə görə, bu məsələdə partiya rəhbərliyinin də rolu var: “Çünki çıxarılan gənclər hamısı Rüfət Hacıbəyli ilə yanaşı, Tural Abbaslının da tərəfdarıdır. Tural Abbaslı başqanlığa iddialı şəxsdir. Məqsəd onun mövqelərini zəiflətməkdir. Biz noyabr ayının 17-də keçirilən seçkilərdə də partiya rəhbərliyi tərəfindən uduzdurulduq”.
C. Abbaslı qeyd edib ki, yaranmış vəziyyətlə bağlı partiya başqanı İsa Qəmbərə məlumat veriblər: “Məsələ ilə bağlı Müsavat başqanı İsa Qəmbərlə görüşdük və ona bildirdik ki, bizə qarşı kampaniya aparılır, bizi təşkilatdan uzaqlaşdırmaq istəyirlər. İsa Qəmbər isə bildirib ki, vəziyyət araşdırılır, müvafiq qərar veriləcək. Amma hələ də bu məsələlərə baxılmayıb”.
Onun sözlərinə görə, gənclərin partiyadan çıxarılmağına etiraz olaraq, 3 gün ərzində Gənclər Təşkilatından kütləvi istefalar gözlənilir: “Təxminən 25-30 nəfər təşkilatdan istefa verəcək. Çünki onlar bizim çıxarılmağımıza etiraz edirlər”.
Xatırladaq ki, 8 nəfər Müsavat GT-dən kənarlaşdırılıb.