APA-nın əldə etdiyi məlumata görə, Müsavat Partiyası görüşdə Milli Şuranın buraxılmasına tərəfdar olduğunu bəyan edib və görüşdə əsas müzakirə də bu barədə aparılıb.
C. Həsənli və ziyalılar isə Milli Şuranın buraxılmasının əleyhinə çıxıblar.
Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı bununla bağlı APA-nın sualına birmənalı cavab verməkdən yayınıb: “Keçirdiyimiz görüşlərdə Milli Şuranın taleyi, partiyaların, ictimai qüvvələrin və nüfuzlu şəxslərin müttəfiqlik və əməkdaşlıq münasibətləri perspektivləri də daxil olmaqla, 9 oktyabr prezident seçkilərindən sonra yaranmış yeni şərait barədə müzakirələr aparırıq. Biz bundan sonra müxalifət qüvvələrinin birgə fəaliyyətinin səmərəli yollarının axtarışındayıq. Bizim görüşlərimizin əsas motivi budur. Müzakirələrdə öz mövqeyimizi müzakirə apardığımız tərəfin diqqətinə çatdırmağa çalışırıq. Yaranmış yeni şəraitlə bağlı mövqeyimizi ziyalıların bir qisminin diqqətinə çatdırdıq. Onların da fikirlərini dinlədik. Sonrakı müzakirələrdə bu fikir mübadiləsinin əhəmiyyəti olacaq. Biz indiki siyasi şəraitdə müxalifət qüvvələrinin əməkdaşlıq və müttəfiqlik perspektivlərini necə görürük, ayrı-ayrı məsələlərə münasibətimizin mahiyyəti barədə öz fikirlərimizi açıqladıq. Düşünürəm ki, bizim açıqlamalarımız ziyalılar üçün faydalı oldu. Şübhəsiz ki, keçirilən qapalı görüşlər daha səmimi, daha açıq söhbət gedir. Bu söhbətlərin mətbuata çıxması heç də ümumi prosesin xeyrinə deyil”.
C. Həsənli isə APA-ya açıqlamasında bildirib ki, görüş mətbuata açıq olmayıb: “Görüş qapalı keçirilirsə, gərək biz prinsiplərimizə hörmət edək”.
Görüşdə iştirak etmiş Milli Şura üzvü Vidadi Mirkamal isə APA-ya açıqlamasında deyib ki, görüşdə bir çox məsələ müzakirə olunub: “Amma Milli Şuranın qalıb-qalmaması tək Müsavat Partiyasından asılı deyil, onu yaradanlardan asılıdır. Bunu belə ifadə etmək olar ki, görüşdə Müsavat Partiyasının Milli Şurada qalıb-qalmaması müzakirə olunub. Müsavat Partiyasının şərtlərindən biri Rüstəm İbrahimbəyovun fəxri sədrliyi ilə bağlı idi, bu şərt aradan qalxıb. Digər şərtlərinə gəlincə, Müsavat Partiyası görüşdə bildirdi ki, danışıqlar aparılır, ikitərəfli danışıqların nəticəsində öz mövqelərini ifadə edəcək”.