Milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudovun dəvəti ilə Belarus Respublikasının Dövlət Təhlükəsizlik Komitəsinin sədri general-mayor Valeri Vakulçik 2013-cü il avqustun 14-də ölkəmizə rəsmi səfərdə olub.
Əvvəlcə belaruslu qonaqlar və general-leytenant Eldar Mahmudov başda olmaqla Milli Təhlükəsizlik Nazirliyinin rəhbər heyəti Fəxri Xiyabanda Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla anılıb, məzarı üzərinə gül-çiçək dəstələri düzülüb.
Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsi də yad edilib, «Əbədi məşəl» abidəsinin önünə əklil qoyulub.
Bundan sonra Eldar Mahmudov həmkarı Valeri Vakulçiki qəbul edib. Görüşdə tərəflər arasında transmilli mütəşəkkil cinayətkarlığın müxtəlif təzahürləri, xüsusən də getdikcə daha geniş miqyas və təhlükəli xarakter almaqda olan terrorçuluq, ekstremizm, narkotiklərin qanunsuz dövriyyəsi, miqrasiya prosesləri, bundan irəli gələn problemlərlə bağlı fikir mübadiləsi aparılıb, ölkələrimizin xüsusi xidmət orqanları arasında əməkdaşlığın yeni reallıqlara uyğun inkişaf perspektivləri müzakirə olunub.
Nazir Eldar Mahmudov mövcud əməliyyat şəraiti və ona təsir göstərən amillər, ümumən təhlükəsizlik problemləri ilə əlaqədar Azərbaycanın həyata keçirdiyi tədbirlər, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun doğurduğu fəsadlar barədə qonağa ətraflı məlumat verib.
Göstərilən qonaqpərvərliyə və hər iki ölkənin təhlükəsizlik maraqlarının təmin olunması sahəsində aktuallıq kəsb edən məsələlər ətrafında aparılan müzakirələr üçün yaradılan şəraitə görə təşəkkürünü bildirən Valeri Vakulçik, respublikamıza səfərindən xoş təəssüratlar aldığını söyləyib.
Qonaq Belarus və Azərbaycan, eləcə də uyğun strukturlar arasında münasibətlərin inkişafından məmnun qaldığını və keçirilən görüşlərin ölkələrimizin əlaqələrinin daha da möhkəmlənməsi üçün faydalı olacağına əminliyini qeyd edib.
Səmimi və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə maraq doğuran bir sıra digər məsələlər üzrə də fikir mübadiləsi aparılıb.