Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. APA-nın məlumatın görə, iclasda Müasir Müsavat Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülən Hafiz Ələmdar oğlu Hacıyevin, Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülən Fərəc İbrahim oğlu Quliyevin, fərdi qaydada öz namizədliyini irəli sürən Zahid Məhərrəm oğlu Orucun və Ərəstun Məmməd oğlu Oruclunun prezidentliyə namizədliklərinin təsdiq olunması məsələsinə baxılıb.
MSK katibi Arifə Muxtarova bildirib ki, namizədliklərinin təsdiq olunması ilə bağlı namizədlikləri irəli sürülən şəxslərin MSK-ya daxil olan sənədləri araşdırılıb və hüquqi əsasların olduğu müəyyən edilib.
Sonra MSK açıq səsvermə yolu ilə adları çəkilən şəxslərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib.
Daha sonra onların səlahiyyətli nümayəndələrinin qeydiyyatı məsələsinə baxılıb və müvafiq qərar qəbul edilib.
Sonra bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə məlumat verilib.
Qeyd edək ki, indiyədək 14 prezidentliyə namizəd seçki sənədlərini MSK-ya təqdim edib. Bunlar YAP sədri, Azərbaycan prezidenti İlham Əliyev, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev, ASDP sədri Araz Əlizadə, BAXCP sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, deputat Zahid Oruc, "Şərq-Qərb" Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu, hüquqşünas İlqar Məmmədov (İlqar Altay), 1975-ci il təvəllüdlü İsmayıl Yusifov və 1961-ci ildə anadan olan Elşən Həsənovdur.
İ. Əliyev, Ə. Oruc, İ. Məmmədov (İlqar Altay), İ. Ağazadə, F. Əliyev, Ə. Əliyev, A. Əlizadə, Q. Həsənquliyev, H. Hacıyev, Z. Oruc və F. Quliyev və Ə. Oruclunun namizədlikləri təsdiq olunub.
Xatırladaq ki, prezident seçkiləri oktyabrın 9-da keçiriləcək.