Milli Şuranın ixtişaş törədəcəyini deyən adam danışdı - MÜSAHİBƏ
24 avqust 2013 13:44 (UTC +04:00)

Milli Şuranın ixtişaş törədəcəyini deyən adam danışdı - MÜSAHİBƏ

 “El” hərəkatı Ali Məclisinin sədrinin keçmiş müavini Əflan İbrahimovun APA-ya müsahibəsi

 

- Təmsil olunduğunuz təşkilatdan istefa vermək barədə bəyanatınızı açıqlamısınız. Buna səbəb nə oldu?

 

- Biz Rüstəm İbrahimbəyovla həmyerliyik. İkimiz də Şamaxılıyıq və bizi əslən Şamaxıdan olan akademik Midhəd Abbasov tanış edib. 2010-cu ildə Rüstəm İbrahimbəyovla görüşümüz oldu. O mənə dedi ki, biz növbəti seçki kampaniyasına dəstək verməliyik. Xahiş edirəm, sənin də hörmətin var, tanınmış adamsan, bu məsələdə bizə köməklik et. Onun bu təklifi ilə razılaşdım. 2012-ci ildə isə Rüstəm İbrahimbəyov dedi ki, onun ideyası əsasında Eldar Namazov “El” hərəkatı yaradacaq. O dedi ki, sonra bu qurum Milli Şura adlanacaq və sədri də o olacaq. Eldar Namazovun adını çəkəndə onunla razılaşmadığımı, Eldar Namazovu qəbul edə bilməyəcəyimi dedim. Çünki onun bir özü, bir də “papkası” var, 10 ildir, partiya yaratmaq istəyir, lakin buna nail ola bilmir. Amma Rüstəm İbrahimbəyov mənim “El” hərəkatına getməyimi xahiş etdi. 2013-cü ilin martın 11-də 20 nəfər tərəfdarımla Eldar Namazovla görüşüb, tanış olduq. Bundan əvvəl də tanışlığımız olmuşdu. Ancaq o qədər qaynayıb-qarışmamışdıq. Mənim 20 nəfərlə gəlməyim, hərəkatın təsis yığıncağında da 5 nəfərlə iştirak etməyim, Eldar Namazovda maraq yaratdı. Bundan sonra da “El” hərəkatının formalaşmasında, insanların cəlb olunmasında fəal iştirakım oldu. Lakin təşkilat daxilində Eldar Namazovun prezidentliyə namizədliyinin irəli sürülməsi məsələsi ortaya çıxanda narazılığımı bildirdim. Etirazımı telefonla Rüstəm İbrahimbəyova da çatdırdım. Çünki 2013-cü il yanvarın 17-də Rüstəm İbrahimbəyovu buradan biz yola salmışdıq. O, gedəndə də dedi ki, fevralın 20-də qayıdacaq, ancaq hələ ki, qayıtmayıb. Onun gəlmədiyini görəndə telefonla danışıb, səbəbini soruşdum. Rüstəm İbrahimbəyov mənə dedi ki, “El” hərəkatından uzaqlaşma, səbirli ol. Onsuz da uzaqlaşmaq istəyirdim. Üç gündən sonra məni “El” hərəkatının Ali Məclisinin sədr müavini təyin etdilər. Milli Şura təsis olunanda isə Eldar Namazov Əli Kərimli ilə birləşib bu quruma düşməyimə imkan vermədi. Çünki onu dəstəkləməyəcəyimi bilirdi. Axı, bunu Rüstəm İbrahimbəyova da demişdim. Mən də məcburiyyət qarşısında qalaraq, Milli Şuranın üzvlərindən bu quruma üzv olmağım üçün imza topladım. 42 nəfərin imzasını toplayıb Eldəniz Quliyevə verdim. Amma bu məsələyə baxmadılar. Sonra Rüstəm İbrahimbəyovun prezidentliyə namizədlik məsələsini ortaya atdılar. Çox yaxşı bilirdim ki, Rüstəm İbrahimbəyovun ikili vətəndaşlığı olduğundan namizədliyi qeydə alına bilməz. Daha sonra Rüstəm İbrahimbəyovla telefon vasitəsilə əlaqə saxladım və baş verənlərlə bağlı onun mövqeyini öyrənməyə çalışdım. Mənə dedi ki, gələ bilməyəcək. Mən də avqustun 21-də Rüstəm İbrahimbəyova məxsus “İbrus” teatrında keçirilən “El” hərəkatının yığıncağında fikrimi bildirdim. Orada hərəkatın rəhbərliyində olan 14 nəfərdən Rəşid Hacıyev və Mehdibəy Səfərov iştirak etmirdi. O iclasda dedim ki, Rüstəm İbrahimbəyovla danışmışam, o deyib ki, gələ bilmir. Eldar Namazov da mən bunu deyəndə replika verdi ki, “o, aradan çıxdı”. Sonra fikrində müəyyən dəyişikliklər etmək istəsə də, artıq gec idi. Nurəddin İsmayılov, Rövşən Əhmədli etirazlarını bildirdilər ki, bu nə oyundur? Təkrar dedim ki, Rüstəm İbrahimbəyovla danışmışam, o şəxs yoxdursa, mən İlham Əliyevi dəstəkləməyi təklif edirəm. Bunu etmirsinizsə, mən bəyanat verib, təşkilatdan çıxacağam. Mən İsa Qəmbərlə, Əli Kərimlini dəstəkləyə bilmərəm. Gəlin, İlham Əliyevi dəstəkləyək. Heç biri dinmədi. Onların cavab vermədiyini gördükdə, mən getdiyimi bildirdim. Əvvəllər Ayaz Mütəllibovun tərəfdarı olmuşam. Hazırda da Ayaz Mütəllibov İlham Əliyevi, dövlətçiliyi dəstəkləyir. Deməli, mənim oyunum başqaları ilə qurtardı. Hörmət etdiyim ağsaqqalım Ayaz Mütəllibov İlham Əliyevi dəstəkləyirsə, mən də onun yanında olmalıyam.                

 

- Əvvəldən bütün bunları bildiyinizə rəğmən, niyə fəaliyyətinizi davam etdirirdiniz?

  

- Mən cəmi 5-6 ay bu prosesdə iştirak etdim. Digər tərəfdən, ortada Rüstəm İbrahimbəyovun namizədlik məsələsi var idi. Ancaq bu barədə mənə tanınmış seçki mütəxəssisi Çingiz Dadaşov demişdi ki, ikili vətəndaşlığı olan şəxs prezidentliyə namizəd ola bilməz.

 

- Milli Şuranın iğtişaşlar törədəcəyi haqda açıqlama vermişdiniz. Bunu necə bilmişdiniz?

 

- Mənim 57 yaşım var, həyatın hər üzünü görmüşəm. Yəni o qədər “ölü bala” oldum ki, onların iğtişaş törədəcəyi haqda boş-boş danışdım? Eldar Namazov mənə dedi ki, qapalı iclasda Əli Kərimli bildirib ki, bizim namizəd qalib gəlməsə, ölkədə iğtişaşlar törədib, küçələrdə xaos yaradacaqlar. Bu barədə dediklərim buradan qaynaqlanır. Bundan sonra Eldar Namazova etirazımı bildirdim, dedim ki, mən müharibə veteranıyam, vətənpərvər adamam. Camaatın uşaqlarının küçələrdə döyülməsinin, irəli verilməsinin, həbs olunmasının, özlərinin isə kənarda qalmasına göz yuma bilmərəm. Bunun qarşısını almaq üçün bu barədə prokurorluq orqanlarını məlumatlandırmağı özümə borc bildim.

 

- Baş Prokurorluqda olduğunuz zaman ifadənizdə hansı məqamlara toxunmusunuz? 

 

- Baş Prokurorluqda mətbuat xidmətinin rəhbəri Eldar Sultanov tərəfindən qəbul olunmuşam. Proses və iğtişaş barədə sizə söylədiklərimi, ona da demişəm. Əlavə fikirlər səslənibsə də, onu açıqlamayacağam. Yəqin ki, sonra ortaya çıxar.

 

- Bu gün Eldəniz Quliyev bildirib ki, Siz Hafiz Hacıyevin müavinisiniz. Həqiqətən belədirmi?

 

- Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ötən prezident seçkilərində namizədliyini irəli sürən zaman onun kampaniyasında iştirak etmişəm. Pulumu alıb, ona bu kampaniyanı aparmağa kömək etmişəm. Fəaliyyətim Hafiz Hacıyevin seçki qərargahındakı işimlə bitib. Həmin kampaniyada ona kömək etdiyimə görə, əməkhaqqı kimi iki min manat almışam. Bu partiyanın üzvü olmamışam. Onunla nə əlaqə ola bilər ki? Mən heç Hafiz Hacıyevin yanına gedərəm?

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2095
avatar

Oxşar yazılar