“Müsavatın Milli Şuradan çıxmağı bu quruma çox ciddi zərbə oldu. Müsavat kifayət qədər ciddi qüvvə olsa da, indiki vəziyyət Milli Şuranın sonu demək deyil. Bu baxımdan, Müsavatsız Milli Şuranı saxlamaq üçün yollar axtarılmalıdır”.
Bunu Lent.az-a açıqlamasında VHP Ali Məclisinin sədri, Milli Şuranın üzvü Rafiq Manaflı deyib.
O, Milli Şurada təmsil olunan VHP üzvlərinin bundan sonra qurumdakı fəaliyyətlərini davam etdirib-etdirməyəcəkləri ilə bağlı konkret müzakirə aparmadıqlarını deyib: “Milli Şuranın saxlanılması üçün atılacaq addımları dəstəkləyəcəyik. Hər şeydən əlavə, burada söhbət Cəmil Həsənli faktorundan gedir. Vaxtında Cəmil Həsənlini zərbə altında qoyduq, indi onun arxasından qaçmağı etik hesab etmirəm”.
R. Manaflının sözlərinə görə, hadisələrin bundan sonrakı gedişi Müsavat Partiyasının kursunda dəyişiklik olub-olmayacağını göstərəcək: “Bu partiyanın mövqeyi gələcək addımlarında görünəcək. Ancaq düşünürəm ki, nə Müsavat, nə də İsa Qəmbər 3-5 deputat mandatı üçün özlərinə dəyəcək zərbəyə razı olub, bu formada dağıdıcılıq missiyasını üzərinə götürsün. Müsavatın parlamentdə yer üçün Milli Şuradan çıxdığı iddialarını real hesab eləmirəm”.
VHP rəsmisinin fikrincə, bu məsələ Müsavat Partiyasının hansısa daxili maraqları ilə bağlıdır.