Modern.az saytı bəzi deputatlar arasında bəyəndikləri avtomobil markaları ilə bağlı sorğu keçirib.
Vahid Əhmədov deyib ki, onun sevdiyi avtomobil markası “Mercedes”dir: “İndiyədək 3-4 maşın dəyişmişəm. Onların da markası “Mersedes” və “Toyota” olub. Hazırda “Mercedes” sürürəm”.
Musa Quliyev indi sürdüyü maşın markasını açıqlamasa da, maşınlara xüsusi marağım olmadığını bildirib: “İndiyədək 4 maşın dəyişmişəm”.
Əhməd Vəliyev də maşınları xoşlamır, piyada gəzməyə üstünlük verir.
Hadi Rəcəbli də avtomobil həvəskarı deyilmiş. Amma deputat deyir ki, o, 45 ildir xidməti maşından istifadə edir: “Ta köhnə “Moskviç”lərin vaxtından, komsomolun birinci katibi olandan xidməti maşınım olub. Buna görə taleyimdən də, dövlətdən də razıyam. Amma onların markasını seçmək, bəyənmək kimi bir xüsusiyyətim olmayıb. Özümün cəmi bir dəfə şəxsi maşınım olub, indi yoxdur”.
Aqil Abbasın isə arzusu “QAZ-21” almaqdır: “İndiyə qədər 4-5 maşın dəyişmişəm, amma bir az yaşlanandan sonra mütləq “QAZ-21” alacam. Əvvəl istifadə etdiyim avtomobillər “Volqa”, “Jiquli”, “Mercedes” olub. Hazırda “Hunday” sürürəm”.
Məlahət İbrahimqızı da 1989-cu ildən bəri “xidməti maşın” istifadə edir. Onun xidməti maşınları “Moskviç”, “Volsvagen Polo”, “Nissan Maxcima”, və “Toyota” olub.
Ziyad Səmədzadə də maşınları xoşlamır: “Heç bir markanı da tanımıram. Maşınım yoxdur, heç sürmürəm də”.
Fərəc Quliyev isə deyir ki, onun sevdiyi nəqliyyat vasitəsi atdır: “ Maşınlara xüsusi bir marağım yoxdur. Bir neçə avtomobil dəyişmişəm. Hazırda da avtomobilim var, amma xüsusi bir marka olmasında maraqlı deyiləm”.