“İsa Qəmbərin təşəbbüsü ilə keçirilən görüşdə iştirakla bağlı bizə dəvət gəlməyib”.
Bunu APA-ya açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) Ali Məclisinin sədri, Milli Şuranın üzvü Bəybala Əbil deyib.
B.Əbil deyib ki, bir-birinə maraqları, yaxınlıqları olan müəyyən təşkilatların bir yerdə hər hansı müzakirəsində narahatlıq yoxdur. Müxalifətin birliyinə gəldikdə, B.Əbil qeyd edib ki, müxalifət indiyə qədər birlikdə olmayıb: “Nə vaxt müxalifət bütövlükdə birlikdə olub ki? Həmişə müxtəlif vaxtlarda müxtəlif koalisiyalar olub. Ancaq bunlar müxalifəti tam şəkildə əhatə etməyib. Amma bu da həqiqətdir ki, Milli Şura daha yaxşı bir format idi. Milli Şura hansısa partiyaların maraqlarına uyğun olmadığı üçün bundan çıxıb başqa format hazırlayırlar”.
Xatırladaq ki, Azərbaycanın tanınmış ictimai-siyasi xadimləri adından Rusiya tərəfindən Azərbaycanın müstəqilliyinə yönəlik gözlənilən təhlükələrlə bağlı 28 aprel ərəfəsində beynəlxalq ictimaiyyətə və Azərbaycan ictimaiyyətinə müraciət ünvanlanacaq. Müsavat Partiyasının başqanı İsa Qəmbərin təşəbbüsü ilə baş tutan toplantıda “El” Hərəkatının qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Eldar Namazov, AXP sədri Pənah Hüseyn, sabiq daxili işlər naziri İsgəndər Həmidov, “Turan” İnformasiya Agentliyinin direktoru, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Mehman Əliyev, politoloq Leyla Əliyeva, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, “El” Hərəkatında təmsil olunan Köçəri Nağıbəyli, politoloq Ərəstun Oruclu və Müsavat Partiyasının rəhbərliyinə daxil olan şəxslər iştirak ediblər.