“Artıq çıxış yolu görmürəm, çünki Rüstəm İbrahimbəyovun qarşısındakı maneə artıq süni deyil”
“Rüstəm İbrahimbəyovun tələb olunan vaxtda Azərbaycana qayıdacağı, seçki kampaniyasında iştirak edəcəyi barədə nikbin əhval-ruhiyyədə deyiləm”.
Bu açıqlamanı APA-ya Milli Şuranın (MŞ) üzvü, Vətəndaş Həmrəyliyi Partiyasının Ali Məclisinin sədri Rafiq Manaflı verib.
R. Manaflı qeyd edib ki, Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyov Rusiya vətəndaşlığından Milli Şura yaradılan vaxt imtina etməli idi: “Əks halda, Milli Şura bu cür vəziyyətlə üzləşməzdi. Rüstəm İbrahimbəyov müxalifəti birləşdirmək baxımından düzgün seçilmiş fiqur idi. Lakin mən Rüstəm İbrahimbəyovun vahid namizəd olması məsələsində də bitərəf qaldım. Çünki, Rüstəm İbrahimbəyov Azərbaycana gəlməli, bütün məsələlər müzakirə olunmalı və yalnız bundan sonra Milli Şura vahid namizədini dəqiqləşdirməli idi. Belə olsaydı, bugünkü vəziyyətlə üz-üzə qalmazdıq. Ona görə də bu proseslərlə bağlı nikbin əhval-ruhiyyədə deyiləm”.
R. Manaflı deyib ki, Milli Şura R. İbrahimbəyovla bağlı yenidən müzakirələr aparmalı və konkret qərarlar qəbul etməlidir: “Hazırda bu məsələdə çıxış yolu görmürəm. Çünki Rüstəm İbrahimbəyovun qarşısındakı maneə artıq süni deyil”.
MŞ üzvü istənilən halda Milli Şuranın seçkilərdən kənarda qalmağının əleyhinə olduğunu vurğulayıb: “Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından çıxarılması prosesi uzansa, həmçinin, onun namizədliyi qeydə alınmasa belə, Milli Şura seçkilərdə iştirak etməlidir”.
Qeyd edək ki, R. İbrahimbəyov Azərbaycana iyulun 31-də qayıdacağını açıqlasa da, Rusiya vətəndaşlığından çıxma prosesinin uzanmasını əsas gətirərək səfəri təxirə salıb.
Bu arada sabah Milli Şuranın bir qrup üzvü Rüstəm İbrahimbəyovla görüşmək üçün Tiflisə gedəcək.
Mili Şuranın üzvü Zəfər Quliyev APA-ya deyib ki, Milli Şuranın vahid namizədi R. İbrahimbəyovla görüşə gedəcək heyət demək olar ki, dəqiqləşib. Bunlar Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov, ACP sədri Sülhəddin Əkbər, ALP-nin sədr müavini Eldar Muradov, Köçəri Nağıbəyli, AXCP sədrinin müavinləri Gözəl Bayramlı və Fuad Qəhrəmanlı, komissiya sədrləri Mehman Əliyev, Gültəkin Hacıbəyli, Nurəddin Mustafayev, Eldar Əliyev, Rüstəm İbrahimbəyovun vəkili Fuad Ağayev və Zəfər Quliyev özüdür.
**
Müsavat başqanı İsa Qəmbərin də Tiflisə gedəcəyi dəqiqləşib. Bu barədə APA-ya partiyadakı mənbələrdən bildirilib.
KXCP sədri Mirmahmud Mirəlioğlunun görüşdə iştirakı tam dəqiqləşməyib. Bu barədə APA-ya danışan Mirmahmud Mirəlioğlu bildirib ki, kimliyindən asılı olmayaraq görüşdə bu partiyanın nümayəndəsi mütləq iştirak edəcək.