Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
APA-nın məlumatın görə, toplantıda 12 avqust 2013-cü il tarixli iclas protokolu təsdiq olunub.
Sonra Ümid Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülən partiya sədri İqbal Fehruz oğlu Ağazadənin namizədliyinin təsdiq olunması məsələsinə baxılıb. MSK katibi Arifə Muxtarova bildirib ki, İ. Ağazadənin namizədliyinin təsdiq olunması ilə bağlı MSK-ya daxil olan sənədlər araşdırılıb və hüquqi əsasların olduğu müəyyən edilib.
Sonra MSK açıq səsvermə yolu İ. Ağazadənin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiq edib.
Daha sonra Ümid Partiyasının səlahiyyətli nümayəndələrinin qeydiyyatı məsələsinə baxılıb və müvafiq qərar qəbul edilib.
İclasda bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə MSK-nın katibləri Arifə Muxtarova, Mikayıl Rəhimov və MSK üzvü Şaitdin Əliyev məlumat verib.
Qeyd edək ki, 9 prezidentliyə namizəd seçki sənədlərini MSK-ya təqdim edib. Bunlar YAP sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Azadlıq Partiyasından Partiyanın sədri Əhməd Oruc, Vətəndaş və İnkişaf Partiyasından Partiyasının sədri Əli Əliyev, Azərbaycan Liberal Demokrat Partiyasından sədr Fuad Əliyev, ASDP sədri Araz Əlizadə, BAXCP sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, öz təşəbbüsü ilə namizədliyini irəli sürən hüquqşünas İlqar Məmmədov (İlqar Altay) və Ümid Partiyasından partiyanın sədri, deputat İqbal Ağazadədir.
Namizədliyi irəli sürülən İ. Əliyev, Ə. Oruc, İ. Məmmədov (İlqar Altay) və İ. Ağazadənin namizədliyi təsdiq olunub.
MSK prezident seçkilərinin oktyabrın 9-da keçirilməsi barədə qərar qəbul edib.
Azərbaycanda hər beş ildən bir prezident seçkiləri keçirilir.
Sonuncu prezident seçkiləri 2008-ci il oktyabrın 15-də keçirilib.