İqbal Ağazadə: “Cəmil Həsənli, ayıb deyil?”
13 iyul 2013 13:19 (UTC +04:00)

İqbal Ağazadə: “Cəmil Həsənli, ayıb deyil?”

“Milli Şuranın yaranmasında ən müsbət hal kimin kim olmasının üzə çıxması oldu və cəmiyyət də insanların iç üzünü tanımağa başladı. Milli Şura yaranması ilə sanki bir təmizləmə mərhələsi başlandı və aydın oldu ki, müxalifət düşərgəsində nə qədər natəmiz adam var imiş. İqbal Ağazadə və digərlərinin simasında hakimiyyətin kartları açıldı. Məlum oldu ki, bu adamlar müxalifət cəbhəsinə yerləşdirilmiş minalardı. Ancaq bu minalar nəm çəkdiyi üçün partlayış effekti olmayacaq”.

 

Milli Şuranın üzvü Eldəniz Quliyev bu fikirləri mətbuata açıqlamasında Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə haqqında deyib. Onun sözlərinə görə, İ. Ağazadə açıqlamalarında qurumun vahid namizədi Rüstəm İbrahimbəyovun siyasətçi olmadığı üçün ortaya siyasi mövqe qoya bilməyəcəyini bildirib. Bu mənada hesab olunur ki, özünü müxalifətçi adlandıran şəxsin belə bir açıqlama verməsi, birliyə qarşı çıxması məntiqsizlikdir.

 

İ.Ağazadə isə “Yeni Müsavat”a açıqlamasında E. Quliyevə cavab vermək istəmədiyini bildirdi: “Mən kino çəkmirəm, siyasətlə məşğulam və Eldəniz Quliyev kimi kinonun burası pis oldu deyə, onun təzədən çəkmirəm. Həm də Eldəniz Quliyevə cavab verməyə nə vaxtım, nə həvəsim var, nə də səviyyəm imkan vermir”.

 

Milli Şura ilə bağlı tənqidi mövqeyinə görə ünvanına səslənən fikirlərə gəldikdə, İ.Ağazadə dedi ki, sovet təfəkküründən əl çəkmək lazımdır: “Filankəs haqqında tənqidi fikir deyirsənsə, sən düşmənsən. Görmürsünüzmü eyni üsulla hakimiyyət Azərbaycan xalqını və fərqli fikrin nümayəndələrini təhdid edir, ”korsunuz, görmürsünüz bu qədər inkişafı" deyir. Eyni şeyi hakimiyyət demirmi? Mən lap Milli Şura haqqında pis düşünürəm, sən məni təhqirmi etməlisən? Mənim böyük hörmət etdiyim Cəmil Həsənliyə yaraşırmı o ifadələr? Həşərat, nə bilim nə... Ayıb deyil? Siz professorsunuz, camaat ziyalıya baxır, düzlənir. Mənim sənin mövqeyindən xoşum gəlmir, gözümü yumum, ağzımı açımmı? Mən Azərbaycan dilini kifayət qədər mükəmməl bilirəm. Azərbaycan leksikonunda olan tərbiyəsiz nə qədər söz var, onların da hamısını bilirəm. İndi bunu qəzet səhifəsinə çıxarım adamlarımı təhqir edim? Bu sovet düşüncəsindən, sovet təfəkküründən əl çəkmək lazımdır. Hər kəs fərqli düşünə, proseslərə fərqli baxa bilər. Artıq 20-ci əsr deyil e, 21-ci əsrdir, camaat bolşevizmdən çoxdan qurtarıb".

 

Ümid Partiyasının sədri qeyd etdi ki, onun Milli Şura ilə bağlı mövqeyi dəyişməzdir: “Çox təəssüf edəcəyəm ki, çox az zamandan sonra böyük əksəriyyət Milli Şura haqqında eyni təsəvvürdə olacaq və yanıldıqlarını etiraf edəcəklər. Geniş mənada mən heç kimi təhlil etmək istəmərəm. Amma təhlilə ehtiyac varsa, edərəm. Mənim siyasətə gəldiyim gündən bu günə qədər hakimiyyət haqqında mövqeyim, hakimiyyət haqqında tənqidi fikrim necə olubsa, o mövqedə də qalmışam. İştirak etdiyim bütün seçkilərdə də bu hakimiyyətin dəyişməsinə çalışmışam. Mən nə hakimiyyət gətirməmişəm, nə yanında durmamışam, nə də sonradan səhv etdiyimi, müxalifətə keçdiyi bəyan etməmişəm. Heç 1993-cü ildə bu hakimiyyəti gətirməmişəm, bu hakimiyyətin yanında dövlət müşaviri, parlament sədri, köməkçi, ya katiblikdə də olmamışam. 2009-cu ilə qədər heç İlham Əliyevi də tərifləməmişəm. Adamlar keçdikləri yola baxsınlar. Ola bilər bu gün səhv ediblər. Amma səhv edən adam səhv etməyən adam haqqında bu dərəcədə eybəcər danışa bilməz”.

 

İ.Ağazadə Müsavat başqanı İsa Qəmbərin prezidentliyə namizədliyindən imtinasını istəyənlərlə bağlı da fikirlərini bölüşdü: “Düşüncələri xəstədir. İsa Qəmbər bu məsələdə doğru yoldadır, Müsavat bu məsələdə haqlıdır. Qaragüruhçuluqdan əl çəkib ağılla oturub təhlil etməlidirlər ki, Müsavat Partiyası, onun namizədi nə deyir».

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1393
avatar

Oxşar yazılar