İnsan Hüquqları üzrə İtaliya Helsinki Komitəsi : “…Azərbaycan məsələsi”
07 may 2013 03:14 (UTC +04:00)

İnsan Hüquqları üzrə İtaliya Helsinki Komitəsi : “…Azərbaycan məsələsi”

 

Mayın 6-da İtaliya Parlamentinin Deputatlar Palatasında ölkədəki insan hüquqları müdafiəsi üzrə aparıcı qurumlardan biri,  İnsan Hüquqları üzrə İtaliya Helsinki Komitəsi “Beynəlxalq humanitar hüquqda məcburi köçkünlərin müdafiəsi: Azərbaycan məsələsi” adlı beynəlxalq seminar keçirib.

 

Ölkəmizin İtaliyadakı səfirliyindən Lent.az-a verilən məumata görə,tədbiri İtaliya Helsinki Komitəsinin baş katibi Antonio Stanqo açıb.

 

Tədbirin əvvəlində Deputatlar Palatası sədrinin aparat rəhbəri, insan hüquqları üzrə tanınmış ekspert Mauritsio Qressi Palatanın sədri xanım Laura Boldrininin adından konfransın iştirakçılarını salamlayıb.

 

Avropanın ən böyük  universitetlərindən biri  Romanın Sapienza Universitetinin beynəlxalq münasibətlər və əməkdaşlıq üzrə prorektoru professor Antonello Biacini öz giriş nitqində beynəlxalq ictimaiyyətin diqqətinin Azərbaycanda məcburi köçkünlərin məsələsinə yönəldərək, irimiqyaslı humanitar böhranların qarşısının alınmasının vacibliyini vurğulayıb.

 

Daha sonra Aralıq Dənizi Parlament Assambleyasının baş katibi səfir Sergio Piatsi, Norveç Helsinki Komitəsinin baş katibinin müavini Qunnar Slidal, Sapienza Universitetinin tədqiqatçısı Alberto Bekerelli, Brüsseldəki İnsan Hüquqları üzrə Beynəlxalq Tərəfdaşlıq təşkilatının direktoru Bricit Düfur, AR Xarici İşlər Nazirliyinin Humanitar və Sosial Məsələləri üzrə idarə rəisi Marat Kəngərlinski, BMT Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Daq Siqurdson  məruzələrlə çıxış ediblər.

 

Məruzələrdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycandakı məcburi köçkünlərin hüquqlarının qorunmasının vacibliyi qeyd olunub, bu sahədə ölkəmizdə aparılan islahatlar, əldə olunan nailiyyətlər və mövcud problemlər barədə fikir mübadiləsi aparılıb. Tədbir zamanı eləcə də Gürcüstan, Bosniya və Herseqovina, Suriya və digər regionlarda baş verən münaqişələrin tarixi, onların nəticəsində məcburi köçkün və qaçqın düşən şəxslərin müdafiəsi mövzularına toxunulub. 

 

Tədbir zamanı auditoriyanın çoxsaylı sualları cavablandırılıb və mövzu ilə əlaqədar geniş müzakirələr aparılıb. Tədbirdə İtaliyanın akademik, dövlət və işgüzar dairələrin, mətbuat orqanlarının və Romadakı diplomatik korpusun  nümayəndələri iştirak edib.

 

 

# 517
avatar

Oxşar yazılar