“ReAL” Hərəkatının sədri İlqar Məmmədovun vəkili Xalid Bağırov Mərkəzi Seçki Komissiyasını (MSK) məhkəməyə verib.
Bu barədə APA-ya Xalid Bağırov məlumat verib.
X. Bağırov qeyd edib ki, iddia İlqar Məmmədovun prezidentliyə namizədliyinin irəli sürülməsinin təsdiqləməməsi barədə MSK-nın qərarı əsassız sayılaraq qaldırılıb.
MSK-nın media və ictimai əlaqələr şöbəsinin müdiri Azər Sarıyev isə APA-ya bildirib ki, bu barədə onlarda məlumat yoxdur: “Bizə qarşı qaldırılan iddianın mətni ilə müfəssəl tanış deyiləm”.
Qeyd edək ki, MSK-nın avqustun 24-da keçirilən iclasının qərarına əsasən İ. Məmmədovun müraciətinə baxılma müddəti uzadılıb.
Bununla bağlı verilən qərarda bildirilib ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan İlqar Eldar oğlu Məmmədovun namizədliyinin irəli sürülməsi barədə müraciəti zamanı bir sıra sənədlərdə müəyyən səhv və pozuntular olub. Onun istintaq altında olması istisna hal kimi nəzərə alınaraq, sənədlərinin qəbulu müddəti uzadılıb.