Prezident İlham Əliyev aprelin 2-də Avstriya parlamentinin ikinci prezidenti Karlhaynts Kopfun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Lent.az-ın “AzərTAc”a istinadən məlumatına görə, K. Kopf ölkəmizin əldə etdiyi uğurlu iqtisadi inkişaf münasibətilə dövlətimizin başçısını təbrik edib.
O, paytaxtımızda gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını məmnunluqla qeyd edib. Avstriyalı qonaq ölkəmizdə keçirdiyi görüşlər barədə də məlumat verib. Prezident İlham Əliyev Azərbaycan ilə Avstriya arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. O, Avstriyaya ötənilki səfərini və orada biznes ictimaiyyəti ilə keçirdiyi görüşləri məmnunluqla xatırlayıb. Dövlət başçısı Avstriya şirkətlərinin Azərbaycandakı uğurlu fəaliyyətinin önəmini qeyd edib.
Prezident İlham Əliyev Avstriya parlamentinin ikinci prezidenti Karlhaynts Kopfun ölkəmizə səfərinin parlamentlərarası əlaqələrin genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.