Gürcüstan prezidenti Qaxda olub
13 fevral 2014 21:45 (UTC +04:00)

Gürcüstan prezidenti Qaxda olub

Fevralın 13-də Qax rayonuna gələn Gürcüstan prezidenti Georgi Marqvelaşvili əvvəlcə Qaxingiloy kəndində yerləşən “Müqəddəs Georgi” kilsəsini ziyarət edib.


 

Lent.az-ın  AzərTAc-a istinadən məlumatına görə,  onun diqqətinə çatdırılıb ki, XVIII əsrin sonlarında inşa edilən kilsədə dini ayinlərin icrası üçün hər cür şərait yaradılıb. Kilsə yerli əhəmiyyətli tarixi abidə kimi dövlət tərəfindən qorunur.

 

Prezident Georgi Marqvelaşvili kilsədə şam yandırıb, ianə verib, abidənin həyətində kənd sakinləri ilə görüşüb, yerli musiqiçilərin ifasında gürcü xalq musiqisini dinləyib.

 

Sonra Gürcüstan prezidenti «El Resort» otelinin Konfrans Mərkəzində rayonun gürcü əhalisi ilə görüşüb. Qonağa bildirilib ki, geniş turizm potensialına malik Qaxda son illər turizm infrastrukturunun yaradılması istiqamətində davamlı iş aparılır, yüksək standartlara uyğun yeni otellər, istirahət mərkəzləri inşa edilir. 2011-ci ilin noyabrında prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən «El Resort» oteli də belə turizm obyektlərindən biridir.

 

Konfrans zalında gürcü ictimaiyyətinin nümayəndələri ilə görüşən prezident Georgi Marqvelaşvili Qax rayonuna səfərindən, gürcülərlə görüşündən məmnun qaldığını bildirib, rayon əhalisinin yaşayış səviyyəsinin yüksək olduğunu qeyd edib. Prezident İlham Əliyevlə görüşünün çox səmərəli keçdiyini vurğulayan Gürcüstan prezidenti, yüksək qonaqsevərliyə görə bir daha Azərbaycan prezidentinə minnətdarlığını bildirib, bu səfərin ikitərəfli əlaqələrin, ölkələrimiz arasındakı dostluq münasibətlərinin daha da möhkəmlənməsinə böyük töhfələr verəcəyinə əminliyini ifadə edib.    

 

 Görüşdə çıxış edən gürcü etnik qrupunun nümayəndələri Azərbaycanın tam hüquqlu vətəndaşları olduqlarını, heç vaxt ayrı-seçkilik hiss etmədiklərini, rahat, əmin-amanlıq şəraitində yaşadıqlarını bildiriblər.

 

Bildirilib ki, Qax rayonunda 7 min nəfərdən çox gürcü yaşayır. Rayonda milli azlıqların adət-ənənələrinə həmişə hörmətlə yanaşılır, dini tolerantlıq yüksək səviyyədədir. Gürcülərin yaşadıqları kəndlərdə 6 ümumtəhsil məktəbi, 6 məktəbəqədər tərbiyə müəssisəsi, 11 mədəniyyət müəssisəsi, bir xəstəxana, iki həkim və bir tibb məntəqəsi, habelə Əlibəyli kəndində Gürcü Dövlət Dram Teatrı fəaliyyət göstərir.

 

Rayonda yaşayan digər xalqlar kimi, gürcülər də prezident İlham Əliyevin siyasətini ürəkdən bəyənir və dəstəkləyirlər.

 

Görüşdə Azərbaycan və gürcü xalqlarının çoxəsrlik dostluq və mehriban qonşuluq münasibətlərinin daha da möhkəmləndirilməsində belə görüşlərin əhəmiyyəti xüsusi vurğulanıb.

 

Sonra Gürcüstan prezidenti gürcülərin yaşadığı Meşəbaş kəndinə gəlib, yeni tikilmiş məktəb binası ilə tanış olub. Qonağın diqqətinə çatdırılıb ki, kənd məktəbinin binası 2012-ci ilin mayında bölgədə baş vermiş zəlzələ zamanı qəzalı vəziyyətə düşüb. Zəlzələdən zərər çəkmiş digər məktəblər kimi, Meşəbaş kənd məktəbi üçün də prezident İlham Əliyevin tapşırığına uyğun olaraq qısa müddətdə hər cür şəraiti olan yeni bina tikilib istifadəyə verilib. Diqqətə çatdırılıb ki, binanın bir korpusunda kəndin uşaq bağçası da fəaliyyət göstərir.

 

Gürcüstan prezidenti məktəbin sinif otaqlarını gəzib, yaradılan şəraitlə tanış olub, uşaq bağçasında tərbiyə alan balacalarla görüşüb. Məktəbin müəllimləri və valideynlər kənddə belə gözəl təhsil ocağının binasının istifadəyə verilməsini Azərbaycan və gürcü xalqları arasında əbədi dostluq münasibətlərinin bariz nümunəsi olduğunu bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1213
avatar

Oxşar yazılar