“İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki,onlarda uğurun əsas səbəbi neft-qaz deyil,bilikdir,savaddır,müasirlikdir.Bizdə isə həm bu olmalıdır,həm də təbii ehtiyatlar da var. Bu amillərin sintezi Azərbaycanı çox qabaqcıl,müasir ölkəyə çevirəcəkdir”deyən Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf strategiyasının mahiyyətində dayanıqlı və sabit inkişaf edən iqtisadi sistemin formalaşdırılması məqsədi dayanırdı. Bu siyasət neftdən asılılığı azaltmaqla ölkədəki dinamik iqtisadi inkişaf tempini sabit saxlamağa imkan verən fundamental əsasların yaradılmasını nəzərdə tutur. Bugün də müasir Azərbaycanın inkişaf modelinin təməlində dayanan amil məhz bu siyasətin yeni çalarlarla zənginləşdirilmiş formada həyata keçirilməsidir.
Neft tükənən,bərpa olunmayan təbii sərvətdir. Bu baxımdan ölkə Prezidenti İlham Əliyev bu əvəzsiz təbii sərvətin ixracından qazanılan böyük vəsaitlərin, ilk növbədə, insan faktorunun inkişafına yönəldilməsini, elmi-texniki tərəqqinin son nailliyətlərinin tətbiqi yolu ilə dayanıqlı milli inkişafın təmin edilməsini zəruri sayır. Dövlət başçısı haqlı olaraq bildirir ki, neft Azərbaycan üçün məqsəd deyil, davamlı iqtisadi tərəqqini təmin etmək üçün vasitədir. İqtisadi inkişafa yalnız neft amili hesabına nail olmaq məqbul sayılmamış, tarazlı və davamlı tərqqi naminə qeyri-neft sektoruna xüsusi diqqət yetirilməsi daim önə çəkilmişdir.
Ümummilli liderin neftdən gələn gəlirin böyük qisminin insan kapitalına yönəldilməsini təmin etmək istiqamətində yeritdiyi məqsədyönlü strategiya inkişaf etmiş bir sıra dövlətlərin təcrübəsində özünü tam doğrultmuşdur. Müasir dünyada rəqabətə tab gətirmək üçün, ilk növbədə, təhsilə, zəngin biliklərə, informasiya texnologiyalarına arxalanmaq lazımdır. Həmin strategiyanın uğurlu bəhrəsidir ki, bu gün Azərbaycan dünyanın böyük dövlətləri ilə rəqabətə girə biləcək gücdədir və bu inkişaf Azərbaycanın müasir modelini formalaşdırmışdır. Hansı model ki, Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir və Azərbaycanın daha parlaq gələcəyinin qarant altına alır. Təsadüfi deyil ki, Prezidentlik fəaliyyətinin ilk iilərindən etibarən İlham Əliyev iqtisadiyyatın hərtərəfli tərəqqisinə nail olmaq məqsədilə qeyri-neft sektorunun sürətli inkişafını təmin edən, bu sahədə investisiyaların cəlb edilməsinin stimullaşdırılması istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsinə zəmanət verən fərmanlar vermişdir.
Məhz bu ilin I rübündə qeyri-neft sektorunda artım 11 faizdən çoxdur. Son illər ərzində ölkədə 1 milyon 100 mindən artıq yeni iş yeri açılıb ki, onların da 30 mini bu ilin I rübündə yaradılıb və bu proses getdikcə davam edir. Ölkədə aparılan uğurlu siyasətin bir hissəsi də neftdən gələn gəlirlərin əsasən ölkə başçısı İlham Əliyevin söylədiyi kimi “neft kapitalını insan kapitalına çevirək” devizinə uyğun şəkildə səmərəli istifadəsidir. Bu gəlirlərin hesabına yeni layihələrə, proqramlara vəsaitlər qoyulur ki, onlar da özlüyündə yeni iş yerlərinin açılması, yeni kadrların formalaşması deməkdir. Bu onu göstərir ki, neft gəlirləri düzgün istiqamətdə yönəldilir ki, insanların gələcək rifahı daha da yüksək olsun. Qeyri-neft sektorunun inkişafı gələcək nəsillər üçün müəyyən bir baza yaradır. Həmin baza gələcəkdə yeni nəslə daha asan şəkildə iş yerlərinin tapılmasında, onların sayəsində yeni texnologiyaların qavranmasında yardımçı olacaq.
Bu isə deməyə əsas verir ki, ölkəmizin iqtisadi artım göstəriciləri dünya ölkələri arasında lider bir mövqedə dayanması ilə müşahidə olunur. Sabitlik, dayanıqlı və iqtisadi inkişaf prosesi öz axarı ilə davam edir və insan kapitalının sürətli inkişafı ilə xarakterizə olunur.
Nailə Məmmədova
"Şərqi Avropada Təhsil alan Azərbaycanlı Tələbələr və Məzunlar" İctimai Birliyinin fəalı