Fransa hüquq müdafiəçisi Vidadi İsgəndərlinin mühacirətlə bağlı müraciətinə rədd cavabı verib.
Bunu bu gün keçirdiyi mətbuat konfransında V. İsgəndərli özü deyib.
O deyib ki, ailəsini ölkədən çıxarmaq xahişi ilə Fransanın Bakıdakı səfirliyinə müraciət edib. Bu günlərdə səfirlik ona imtina cavabı verib. İsgəndərlinin dediyinə görə, səfirlik bunu Azərbaycan hakimiyyətinin etirazı ilə əsaslandırıb.
O, ABŞ səfirliyində olduğunu da deyib.
V. İsgəndərli deyib ki, o, aprelin 17-dən 27-dək polisin işinə müdaxilə etmək ittihamı ilə inzibati həbs cəzası çəkib. Bunun səbəbi İsgəndərlinin polisin piyada üçün nəzərdə tutulmayan yerdə yol keçdiklərinə görə 20 manat cərimə etdiyi iki tələbə qızı müdafiə etməsi olub.
“Hadisə aprelin 15-də baş verib. Ağlayan tələbə qızın yanından keçib gedə bilmədim. Öyrəndim ki, polis ondan “cinayətə” görə 20 manat alıb. Mən qızlarla söhbət edərkən polislər bizə yaxınlaşdı və mən onlara kasıb tələbələri deyil, zəngin məmurların uşaqlarını cərimələməyi məsləhət gördüm. Bu bəyanatım hüquqazidd əməl kimi qiymətləndirilib və məni 26-cı polis bölməsinə çağırıblar”, deyə İsgəndərli bildirib.
Daha sonra isə Yasamal rayon məhkəməsi İsgəndərlini 10 gün inzibati həbsə məhkum edib.
Musavat.com