“Krımla Dağlıq Qarabağ münaqişəsi arasında paralellər aparmaq düzgün deyil”. Bunu APA-nın Moskva müxbirinə açıqlamasında Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini Vladimir Cabbarov deyib.
V. Cabbarov bildirib ki, Dnestryanı, Dağlıq Qarabağ və Krım tam fərqli münaqişə obyektləridir: "Bunları bir-biri ilə müqayisə etmək yanlışdır. Rusiyanın başqa dövlətin ərazisi hesabına öz ərazisini genişləndirmək kimi bir vəzifəsi yoxdur. Ona görə də, hesab edirəm ki, Rusiyanın Dağlıq Qarabağı və Dnestryanı ərazini öz tərkibinə qatacağı tam istisnadır. Rəsmi Moskva həmin ərazilərdə referendum keçirib, onları öz ərazisinə qatmaq fikrində deyil. Rusiya MDB çərçivəsində iqtisadi inteqrasiyanın tərəfdarıdır, ərazi inteqrasiyasının yox”.
Martın 16-da BMT-də Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən qətnaməyə Azərbaycanın səs verməsinin tarixi səbəbləri olduğunu söyləyən V. Cabbarov rəsmi Bakının mövqeyinə Rusiyanın hörmətlə yanaşdığını vurğulayıb: “Rəsmi Bakının bu siyasi addımı Rusiya-Azərbaycan münasibətlərinə təsir etməyib. Ümid edirəm ki, yaxın gələcəkdə Azərbaycan rəhbərliyi Rusiyanın Krımla bağlı mövqeyinə normal yanaşacaq. Çünki Krım tamamilə fərqli bir tarixdir. Krım tarixən Rusiyanın olub. 1954-cü ildə isə heç bir hüquqa əsaslanmadan Ukraynaya verilib. Krımın Ukraynaya verilməsi ilə bağlı qərar SSRİ Ali Soveti tərəfindən təsdiqlənməyib”.
Vladimir Cabbarov Dağlıq Qarabağ probleminin iki ölkə, Azərbaycan və Ermənistan arasında həll olunmalı olduğunu söyləyib: "ATƏT-nin Minsk Qrupunun həmsədr ölkələri isə qarant səviyyəsində çıxış etməlidirlər. Bir daha qeyd etmək istəyirəm ki, Rusiyanın başqa dövlətin ərazisi hesabına öz ərazisini genişləndirmək fikri yoxdur".