Ənvər Özəran “nurçuluq” iddialarından və adından yayılmış məktubdan danışdı   
03 mart 2014 20:18 (UTC +04:00)

Ənvər Özəran “nurçuluq” iddialarından və adından yayılmış məktubdan danışdı   

Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi, Təhsil Kompleksi və “Çağ Öyretim İşletmeleri” İdarə Heyətinin sədri Ənvər Özəran rəhbərlik etdiyi qurumların Azərbaycanda gizli planları olması barədə mediada yayılan son məlumatlarla bağlı mətbuat konfransı keçirib.

 

 

Lent.az-ın verdiyi məlumata görə, mətbuat konfransı zamanı bəyanatla çıxış edən Ə. Özəran vurğulayıb ki, Azərbaycanda fəaliyyət göstərdikləri 22 il müddətində məsuliyyətlə çalışıblar.

 

 

Onun sözlərinə görə, rəhbəri olduğu qurumlar Azərbaycan prezidentinin göstərişi ilə qurulub: “Biz təhsil sahəsində Azərbaycan dövlətinin gələcəyi üçün çalışırıq, dövlətin etimadını qazanmışıq. Çox təəssüf ki, fəaliyyətimizə əngəl yaradan qüvvələr də var. Biz Azərbaycan dövlətinə və xalqına sadiqiq və bu, hər zaman bu cür davam edəcək. Bütün ictimaiyyətin nəzərinə çatdırırıq ki, bir müddətdir məntiq və mühakimə qabiliyyətini kənara qoymuş və ömrünü başqalarını ləkələməkdə keçirənlər hər gün “Çağ Öyretim İşletmeleri” MMM-i, onun fəaliyyətini və rəhbərliyini hədəfə alırlar”.

 

Ə. Özəran onun Fətullah Gülenə yazdığı məktub kimi yayılmış yazışmanın da ona aid olmadığını bildirib: “ Bu yazışma mənə aid deyil. Bu cür məlumatları yayanlarla bağlı Azərbaycanın hüquq-mühafizə orqanlarına müraciət ediləcək”.

 

 Qeyd edək ki, Türkiyədə baş vermiş son hadisələrdən sonra Azərbaycanda da bəzi millət vəkillərinin, məmurların F. Gülen “camaat”ına yaxınlığı  ilə bağlı xəbərlər və siyahılar yayılıb. Bu gün isə Azərbaycan media orqanlarına Ə. Özeranın F. Gülenə yazdığı iddia olunan məktubun sürəti göndərilib.      

 

Məktubda qeyd olunub ki, “nurçular”ın Prezident Administrasiyasındakı adamları vasitəsilə Daxili İşlər, Maliyyə, Təhsil, Ədliyyə nazirliklərində kadr yerləşdirmələri prosesi arzu olunan səviyyədə davam edir.

 

 

Məktubda daha sonra bildirilib ki, Türkiyədə baş verən hadisələr “camaat”ın Azərbaycandakı dayaqlarına da təsir edir, “hizmətin” kadrlarının dövlət orqanlarına yerləşdirilməsinə maneə yaradır: “Dövlət qulluğunda olan kadrlarımızın aşkarlanıb, təqib edilməsindən ciddi narahatıq. Ən çox diqqət mərkəzində olan isə Türkiyədən gəlib çoxdan bəri Azərbaycanda çalışan dostlarımızdır”.

 

Məktubda daha sonra qeyd edilib ki, Azərbaycan milli təhlükəsizlik orqanlarının “nurçu” kadrların ətrafına öz adamlarını yerləşdirməsi barədə məlumat var: “Daxili informasiyaların tez-tez kənara ötürülməsi də bununla bağlı şübhələrimizi artırır. Məsələn, Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına qəbul olunmuş tələbəmiz aşkarlanaraq, oradan qovulub. Azərbaycan parlamentindəki dostumuz da ciddi sıxıntılarla üzləşməsindən şikayətçidir”.

 

Məktubda daha sonra “hizmətin” xaricdəki lobbisi vasitəsilə Azərbaycan hökumətinə təzyiq edilməsinin faydalı olduğu, həmçinin ABŞ-dakı lobbinin xidmətindən istifadə edilməsinin vacibliyi vurğulanıb.

 

Sənəddə Ə. Özeranın öz yerinin daha gənc bir kadrla dəyişdirilməsi, Azərbaycanla bağlı layihələrin bir müddət dayandırılması, “camaat”a bağlı tələbələrin və kadrların çox önəmli məsələ olmadan toplantılar keçirməsini təxir salması, “hizmət”ə bağlı iş adamlarının topladığı pulların bank köçürmələri ilə deyil, nağd ödənməsi və xüsusi kuryerlə daşınmasının vacibliyi barədə təklifləri də qeyd olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1513
avatar

Oxşar yazılar