Elmar Məmmədyarov: “Avropa Birliyi öhdəliyinə əməl etməlidir ”
23 iyul 2013 14:21 (UTC +04:00)

Elmar Məmmədyarov: “Avropa Birliyi öhdəliyinə əməl etməlidir ”

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov dünən Brüsseldə Avropa İttifaqı üzv ölkələrinin və Şərq Tərəfdaşlıq ölkələrinin xarici işlər nazirlərinin 4-cü görüşündə iştirak edib.


 

 APA-ya XİN mətbuat xidmətindən verilən məlumata görə,  Avropa Komissiyasının vitse-prezidenti və Aİ-nin vahid təhlükəsizlik və xarici siyasət məsələləri üzrə ali nümayəndəsi Ketrin Eşton və genişlənmə və qonşuluq siyasəti üzrə komissar Ştefan Füle bu toplantıya sədrlik ediblər. Tədbirdə Avropa İttifaqı üzv ölkələrinin xarici işlər nazirləri, Avropa Xarici Fəaliyyət Xidməti, Avropa Sərmayə Bankı, eyni zamanda, Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynanın xarici işlər nazirləri və Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun nümayəndəsi iştirak ediblər.

 

İştirakçılar Şərq Tərəfdaşlığının hazırkı vəziyyəti, onun Varşava Sammitindən bu günə qədər əldə edilmiş nailiyyətləri, Vilnüs Sammitinə hazırlıq və ondan sonrakı tərəfdaşlıq perspektivlərini müzakirə ediblər.

 

Xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizin Şərq Tərəfdaşlığında fəaliyyəti və ümumiyyətcə Aİ ilə əməkdaşlıq dialoqu barədə bəhs edərək, 2006-cı ildə qəbul edilmiş Avropa Qonşuluq Siyasəti üzrə Fəaliyyət Proqramında əks olunmuş Azərbaycanın suverenliyi və ərazi bütövlüyü prinsiplərinə dəstəyin verilməsi ilə bağlı Aİ tərəfinin öz üzərinə götürdüyü öhdəliyə əməl etməsinin vacibliyini bildirib. O, Aİ-Azərbaycan dialoqunun gələcək perspektivlərinin və Assosiasiya Sazişi üzrə aparılan danışıqlarda tərəqqinin əldə olunmasının əhəmiyyətli dərəcədə məhz bu növ qarşılıqlı hörmət və tərəfdaşlıq prinsipləri öhdəlikləri əsasında reallaşmasının mümkün olacağını vurğulayıb.

 

Nazir Cənubi Qaz Dəhlizi ilə bağlı qəbul edilmiş qərarların Aİ-nin enerji təhlükəsizliyinin gücləndirilməsində və Aİ ilə siyasi-iqtisadi münasibətlərdə bundan sonra daha da geniş imkanlar yaradacağında müstəsna rol oynayacağını qeyd edib. E.Məmmədyarov Aİ ilə Viza Rejiminin Asanlaşdırılması və Readmissiya Sazişləri üzrə danışıqlarının demək olar ki, tamamlandığını və Vilnüs Sammitinə qədər onların imzalanmasının əhəmiyyətini vurğulayıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 767
avatar

Oxşar yazılar