Elman Abdullayev:”...o,”qara siyahı”ya salınıb” - MÜSAHİBƏ
06 avqust 2013 11:37 (UTC +04:00)

Elman Abdullayev:”...o,”qara siyahı”ya salınıb” - MÜSAHİBƏ

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayevin APA-ya müsahibəsi

 

- Azərbaycan XİN ölkənin işğal altındakı ərazilərinə qanunsuz səfər etmiş “arzuolunmaz şəxslər”in siyahısını elan edib. Bu siyahıya daxil edilmə proseduru necədir və siyahı tamdırmı?

 

- Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edən şəxslər haqqında informasiyalar dəqiqliklə yoxlanılır. Bu və ya digər şəxsin işğal altındakı ərazilərimizə səfəri barədə məlumat alınan kimi yoxlanılır və təsdiqləndikdən sonra həmin şəxsi bu siyahlıya daxil edirik. Biz səfərlərindən xəbər tutduğumuz bütün şəxsləri bu siyahıya salmağa çalışmışıq. Doğrudur, erməni tərəfi hərdən müəyyən şəxslərin səfərlərini gizlətməyə çalışır, lakin mən hesab edirəm ki, bizdəki siyahı əsas siyahıdır.   

 

Siyahıya şəxslərin adının salınması proseduru Azərbaycan tərəfinin rəsmi və qeyri-rəsmi mənbələrdən əldə etdiyi və daha sonra yoxlanılan informasiyalar əsasında gerçəkləşir. Siyahıya salınmış insanların çoxu işğal altındakı ərazilərə aldadılaraq aparılıb. Erməni tərəfi həmin adamlarda guya Ermənistan ərazisinə səfər etdiklərinə dair yanlış təsəvvür formalaşdırıb. Bir sıra hallarda o insanlar konkret və açıq etiraz bəyanatları ilə çıxış ediblər. Azərbaycan Respublikasının “Dövlət sərhədi haqqında” qanununu pozduqlarını anlayan həmin şəxslər etirazlarını bildiriblər və Azərbaycan tərəfi ilə əlaqə saxlamağa cəhd göstərərək aldadıldıqlarını söyləyiblər. Bu siyahı daimi deyil, “flexible”dır. (“Dəyişə bilən” – APA.) Azərbaycan tərəfinin razılığı olmadan işğal olunmuş ərazilərə səfər edən şəxs öz əməlinin hüquqa zidd olduğunu dərk edirsə və peşmandırsa, Azərbaycanın müvafiq orqanlarına müraciət edə bilər. Azərbaycan tərəfi həmin şəxsin adını siyahıdan çıxarmaq üçün belə müraciətlərə baxmağa hazırdır.   

 

- İndiyə qədər siyahıdan çıxarılma halları olubmu?

 

- Elə hallar olub ki, işğal altındakı ərazilərə səfər edən şəxslər ora getməzdən əvvəl Azərbaycan tərəfinə müraciət edərək razılıq istəyiblər və Azərbaycan Respublikasının müvafiq vizasını alıblar. Əksər hallarda biz bu xahişlərə müsbət yanaşmışıq və həmin şəxslərin adları “qara siyahı”ya salınmayıb. Məsələn, bizə amerikalı jurnalistlər, “Beynəlxalq Böhran Qrupu”nun və digər beynəlxalq təşkilatların nümayəndələri müvafiq icazə üçün müraciət ediblər və daha sonra işğal olunmuş torpaqlarımıza səfər ediblər.  

 

- “Arzuolunmaz şəxslər”in sırasına Avropa Birliyinin Cənubi Qafqaz üzrə keçmiş xüsusi nümayəndəsi Piter Semnebi də daxil edilib. Halbuki o, Dağlıq Qarabağa yalnız hər iki tərəfin razılığa ilə getmək istədiyini dəfələrlə bildirib...  

 

- Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi vəzifəsində çalışarkən Piter Semnebi Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməyib. Bu vəzifəni tərk etdikdən sonra o, 2012-ci ildə qeyri-hökumət təşkilatlarından birinin təmsilçisi qismində Azərbaycanın işğal altındakı torpaqlarında tədbir təşkil edib. Azərbaycan tərəfinin razılığını almadığı üçün o, “qara siyahı”ya salınıb.

 

- Siyahıya təkcə adi insanlar yox, bu cür səfərlərin qanunsuzluğu haqda məlumatlı olan rəsmi şəxslər, deputatlar da salınıb. Onlar nəyin əsasında belə hərəkət edir?

 

- İşğal altındakı ərazilərə səfər edənləri iki kateqoriyada qruplaşdırmaq olar. Onlardan birincisi, dediyim kimi, aldadılmış insanlardır. Lakin qanunu pozduqlarını və Azərbaycanın ərazi bütövlüyünə, beynəlxalq hüquqa hörmətsizlik göstərdiyini bilərək işğal olunmuş ərazilərimizə gedənlər də var. Bunlar əsasən erməni lobbisinin siyasi və maddi mənada “cibində” olanlardır. Həmin adamlar erməni lobbisinin öz məqsədləri üçün istifadə etdiyi mexanizmə çevrilib. Təbii ki, belə şəxslər “qara siyahı”ya salınıb. Bu, Azərbaycan tərəfinin bu cür qanunsuz səfərlərin qarşısını almaq istiqamətindəki prinsipiallığını göstərir. Bütün dünya ictimaiyyəti bu ərazilərin Azərbaycan Respublikasının tərkib hissəsi olduğunu qəbul edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1295
avatar

Oxşar yazılar