Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ABŞ səfirliyinin dövlətə xəyanət ittihamı ilə barəsində həbs qəti imkan tədbiri seçilən jurnalist Rauf Mirqədirovla bağlı bəyanatına münasibət bildirib.
Ə. Hüseynli APA-ya açıqlamasında ABŞ səfirliyinin hüquq müstəvisində olan məsələyə siyasi münasibət bildirməsinin Azərbaycan tərəfdə təəssüf doğurduğunu vurğulayıb.
O qeyd edib ki, kimliyindən asılı olmayaraq, qanunvericilik çərçivəsində prosessual tərəflər qorunmaqla, həbs olunmuş şəxsin Azərbaycanda Avropa standartlarına tam uyğun olan müdafiə mexanizmlərindən istifadə etmək imkanı var: “Hər hansı şəxsin fəaliyyət növündən asılı olmayaraq həbsinə siyasi qiymət, siyasi bəyanat vermək doğru addım deyil. Bu, hüquq sisteminə hörmətsizlikdir.
Qeyri-hüquqi mexanizmlərlə insanların həbsi təcrübəsi təəssüf ki, elə ABŞ-da mövcuddur. Quantanamo həbs düşərgəsi və sair buna misaldır. Prezident Barak Obama prezident seçilərkən bəyanat vermişdi ki, bu qara səhifəni - Quantanamo məsələsini bağlayacaq, təəssüf ki, bunu görmədik”.
Qeyd edək ki, ABŞ-ın Azərbaycandakı səfirliyi jurnalist Rauf Mirqədirovun Türkiyədən qəfil deportasiyası və Bakıda saxlanmasından narahat olduğunu bəyan edib: “Biz həmçinin Mirqədirovun Azərbaycan hökumətini tənqid edən yazıları, yaxud onun Dağlıq Qarabağ münaqişəsinin dinc həllinə yönəlik xalq diplomatiyası cəhdlərində iştirakından dolayı həbs olunması iddialarına görə narahatıq”.