Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov Koreyanın Azərbaycandakı səfiri Çoi Suk İni qəbul edib. Bu barədə Lent.az-a Komitədən məlumat verilib.
Əsasən qaçqın və məcburi köçkünlərlə bağlı gələcək əməkdaşlıq əlaqələrinin müzakirəsinə həsr olunmuş görüşdə Koreya və Azərbaycan arasında qarşılıqlı əlaqələrin yaxşı əsaslar üzərində qurulduğunu önə çəkən Ə. Həsənov son vaxtlar xüsusilə siyasi, iqtisadi, mədəni, təhsil sahələrində əməkdaşlıq əlaqələrinin genişləndiyini vurğulayaraq hökumətlərarası münasibətlərin bundan sonra da davam və inkişaf etdiriləcəyinə əminliyini bildirib.
Ölkəmizin müstəqillik əldə etdikdən sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kimi ciddi bir problemlə üzləşdiyini, problemin həlli istiqamətində indiyədək heç bir irəliləyişə nail olunmadığını diqqətə çatdıran Ə. Həsənov dünya birliyinin, güclü dövlətlərin işğalçı Ermənistana təsir və təzyiq imkanlarından istifadə etmədiyindən, haqqın, ədalətin bərpasına göz yummasından təəssüfləndiyini, bütün bunlardan isə bir milyon 200 min soydaşımızın əziyyət çəkdiyini bildirib.
Görüşdə azərbaycanlı və koreyalı tələbələrin təhsil, təcrübə mübadiləsi və digər maraq doğuran məsələlər də müzakirə edilib.