Əli Əhmədov İTV-dəki debatla bağlı MSK-ya müraciət etdi
21 sentyabr 2013 11:37 (UTC +04:00)

Əli Əhmədov İTV-dəki debatla bağlı MSK-ya müraciət etdi

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) nəzdində fəaliyyət göstərən Mətbuat Qrupunun iclası olub.


 

APA-nın məlumatın görə, MSK üzvü, qrupun rəhbəri Azər Tağıyev sentyabrın 19-da İctimai Televiziyanın efirində prezidentliyə namizədlər üçün ayrılan efir vaxtı zamanı baş verənlərə qrupun münasibət bildirilməsinin vacibliyini vurğulayıb.

 

A. Tağıyev əlavə edib ki, Cəmil Həsənli və Hafiz Hacıyev arasında baş verən bu konflikt zamanı Seçki Məcəlləsinin və qanunvericiliyin tələbləri pozulub, münaqişə zamanı debatda iştirak etməyən digər namizədin də ünvanına təhqiramiz ifadələr səslənib: “Burada münaqişəyə aidiyyəti olmayan dövlət başçısı İlham Əliyevin də ünvanına kəskin ifadələr səsləndirilib. Həmçinin, sübut göstərilmədən Cəmil Həsənli tərəfindən prezident İlham Əliyevin adı iqtisadi cinayətkarlıqda hallandırılıb. Bununla yanaşı, Hafiz Hacıyev tərəfindən digər namizəd Cəmil Həsənliyə butulka atılıb. Hər iki namizəd tərəfindən yol verilən bu hərəkətlər, seçki məsələsinə aid olmayan məqamların - ailə məsələlərinin qabardılması yolverilməz hesab edilir”.

 

İTV-nin departament rəhbəri Mehparə Quliyeva təmsil etdiyi qurumun mövqeyini açıqlayıb və deyib ki, İTV belə hərəkətləri pisləyir: “Cəmil Həsənli öz vaxtından 6 dəqiqə artıq istifadə edib. Əlbəttə biz debatda ailə məsələlərinin müzakirəsinin tərəfdarı deyilik. Toxunulmazlığı qanunvericiliklə qorunan prezidentin ünvanına əsassız ittihamların İTV-də yayımlanan debatda nümayiş etdirilməsi qəbul edilməzdir”.

 

O, namizədləri debat mədəniyyətinə əməl etməyə çağırıb.

 

MSK üzvü Fuad Cavadov bildirib ki, fəaliyyətdə olan prezident İlham Əliyevin hüquqlarının qorunması qanunun tələbidir. Onun sözlərinə görə, Ədliyyə Nazirliyinin tam haqqı var ki, bu faktla bağlı məhkəməyə müraciət etsin və günahkar cəzalandırılsın. F. Cavadov qeyd edib ki, prezidentliyə namizədlərin əməllərindən Seçki Məcəlləsinin müddəaları əsas gətirilərək MSK-ya müraciət edilməlidir: “Ailə məsələlərinin debata çıxarılması milli mentalitetə uyğun deyil. Ümumiyyətlə, orada bəzi namizədlər tərəfindən səsləndirilən fikirlər Azərbaycanın beynəlxalq imicinə xələl gətirir. Söz azadlığı olsa da, belə hallar yolverilməzdir”.

 

MSK Katibliyinin əməkdaşı Azər Sarıyev isə bildirib ki, namizədlər efir vaxtının İTV tərəfindən deyil, MSK tərəfindən ayrıldığını bilməlidirlər. O deyib ki, bu məsələyə MSK-nin münasibət bildirməsi daha doğru olardı.

 

A. Tağıyev Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin müavini Əli Əhmədovun MSK-ya adıçəkilən faktla bağlı müraciət etdiyini də xatırladıb.

 

Almaz Qəhrəmanlı isə deyib ki, debatda bu cür xoşagəlməz halların yaranmasının səbəblərini doğuran hallar olub. Onun sözlərinə görə, bu hallar araşdırılmalıdır.

 

Mövzu ilə bağlı aparılan müzakirələrin yekunu olaraq, qərara alınıb ki, debatda baş verənlərəMSK tərəfindən hüquqi qiymət verilsin.

 

Həmçinin Mətbuat Qrupu prezidentliyə namizədləri belə hərəkətlərə yol verməməyə çağırıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1501
avatar

Oxşar yazılar