Bu gün Bakı Apelyasiya Məhkəməsində sabiq səhiyyə naziri Əli İnsanovun işi üzrə məhkəmə prosesi keçirilib. “Qafqazinfo” xəbər verir ki, müdafiə tərəfi vəsatətlərlə çıxış edib.
Əli İnsanovun vəkili Toğrul Babayev Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov, səhiyyə naziri Oktay Şirəliyev, iqtisadi inkişaf nazirinin keçmiş müavini, hazırda isə təhsil naziri Mikayıl Cabbarov və sözügedən nazirliyin iki əməkdaşının Aslanov və Vəliyevin məhkəmədə iştirakı üçün vəsatət qaldırıb.
Daha sonra vəkil bildirib ki, TQDK sədri Məleykə Abbaszadənin sifarişi ilə Əli İnsanovun qanunsuz tələbə qəbul etməsi ilə bağlı MTN-ə məktub yazılıb və həmin məktub sabiq nazirin həbsinə rəvac verən fakt kimi tanınıb. O, Fatma Abdullazadənin və Məleykə Abbaszadənin də məhkəməyə dəvət olunması ilə bağlı daha bir vəsatətqaldırıb.
Keçmiş nazir çıxışında həmçinin deyib ki, hər iki xanımının məhkəməyə dəvət olunmayacağından əmindir: “Mən onlardan soruşmaq istəyirəm ki, 12 balla universitetə necə girmək olar?”.
Əli İnsanov şüşədə hava çatışmazlığından da şikayətlənib.
Vəsatətlər isə qismən təmin olunub. İqtisadi İnkişaf Nazirliyinin Aslanov və Vəliyev soyadlı əməkdaşları hakimin qərarı ilə məhkəməyə şahid qismində dəvət edilib. Ehtiyac olarsa, digər adları çəkilən şəxslərində məhkəməyə dəvət olunacağı bildirilib.
Məhkəmə Oktay Şirəliyev və Kərəm Həsənovun şahid kimi dindirilməsinə ehtiyac olmadığını bildirib.
Vəkil Toğrul Babayev etiraz edərək şahidlərin siyahısına nazir Mikayıl Cabbarovun da adının salınmasını istəyib.
Növbəti məhkəmə prosesi fevralın 21-də keçiriləcək.
Qeyd edək ki, Müsavat başqanı İsa Qəmbər, Milli Şuranın sədri Cəmil Həsənli və Eldar Namazov məhkəmə prosesində iştirak ediblər.
Cəmil Həsənli hakimin qərarına müdaxilə etdiyi üçün zaldan çıxarılıb.
Xatırladaq ki, sabiq nazir proses başlamazdan əvvəl çıxış edərək prezident İlham Əliyevi sərt tənqid edib.